пятница, 31 июля 2009 г.

KÖÇÜRMƏ (TƏCRÜBİ MƏŞĞƏLƏ)

Səni düşünmək şeir yazmaqdi –
ritmi gözləyək…
Mahnı dinləməkdi səsini eşitmək –
tonu qaldırma…
Görüşlərimiz tamaşadı –
nə faciədi, nə məzhəkə -
bizimki dram…
Xırda-para çəkişmələrimiz şou kimi –
reklama hesablanıb –
efir vaxtını uzatmayaq…
Nəsr məktublaşmalarımızdı –
burda bütün üslublar gözəl…

Amma mən çoxdandı kino çəkmək istəyirəm…
Ürəyimin başından aşağıda
qopub düşən nəsə vardı.
Hər səni görəndə…
bu hiss hər səni görəndə yaşanardı -
hündürlükdən qorxduğunu gec bildim

***


nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini

FRAQMENTLƏRDƏN


Bilirəm,
üzümə, bədənimə deyil,
ruhuma aşiqsən sən.
Bir az cəsarətimə,
etiraflara,
bir də sözlərə.
Yazığım gəlir sənə -
Unuda bilməyəcəksən məni tanıdıqca!