пятница, 10 августа 2018 г.

Manifest

Bütün sualların cavabı olacam,
sadə, səssiz, qəti.
Bütün ağrıların xitabı olacam,
güclü, cəsur, mətin.
Bütün yollarından uzaqda olacam,
cəmisi bir ağac – bir addım.
Bütün uzaqlardan yaxında olacam,
çağırsan, yenə də qayıdam.

Əlçatan, ünyetən olacam,
bütün qadınların yerinə.
Atıb gedənlərin,
sevməyənlərin,
unudanların yerinə…

Tənzif ömrü


Bir az bal olacam, bir az şanı,
Bir az arı olacam.
Hərdən ağbəniz, hərdən əsmər,
Sarışın olacağam.

Bir az buz olacam, bir az atəş,
Bir az adam olacam.
Hərdən dost olacam, hərdən...
yad qadın olacağam.

Bir az dəyişəcəm yerimi,
Bir az yerimdə olacam.
Hərdən yanında, hərdən uzaqda -
Evimdə olacam...

Bir az az olacam, bir az çox,
Bezməyəsən...
Bir gün yox olacam
sən sağalınca
Sezməyəsən....

Süleyman peyğəmbərə

Süleyman, yazda yarpaqların çarmıxa çəkdiyini görəndə anladım
yay onların yaşıl qanını içəcək
payız onları canını yandıracaq
qışda gövdə yas tutacaq qoynundan uçurduğu bala quşcuğazlara.
Onların səsini eşitmədim.
Amma mən arzumu kagıza yazıb goyə qaldırmışdım,
Ya göydən çəkib, yerə endirmişdim çərpələng kimi.
Dan yerinin şəfəqində qızarmışdı sapı. İpin əllərimdə cizdiyi izlərdə birgə
itmişdi bütün sirr.
İndi vacib deyil... Tanrı bilir...
İndi qaranquşlar başqa taxtapuşlara uçur,
evimin başı üzərindən.
Çığırıram: axmaqlar, hara gedirsiz, bütün həyətlərə gəlir bahar.
Cavabında nəsə oxuyurlar oz dillərində.
Süleyman, bəlkə, məni söyürlər
hər il soyuqdan qorxub ucan
vətən xainləri...
Bilirsən, mənim də üzuyüm vardı,
İki manata almışdım bir dükandan
Rəngi dəyişirdi - yaşıl, qara, çəhrayı, bənövşəyi.
Dünyanın ən böyuk sehri yazılmışdı üstündə - Love yəni sevgi.
Sən ingiliscə bilirsən?
Dörd hərfin birini atırlar gözgörəsi,
Kimsə kimisə atır, aydındır,
kimsə azalır ki, kimsə artsın, çoxalsın.
Amma nə varsa, bizim sevgimizdən gedir, Süleyman.
Bizim ömrümüzdən kəsirlər o bir hərfi...
Vacib deyil...
Süleyman, ağaclara de o ki, yaz gəlir

Gecə serenadası

Kölgəyə sevinən fənəri qısqanır küləklər.
Söndürmə sonuncu ümidi...
Qoy çəkək bu yükü.
Ciyərlərin yükü bir nəfəs.
Bir nəfəs... Nəfəslik...
Nə yaman təmizdi...
Təmizdi... hava...
Nəfəslik açılsa...
Yatıblar dostlarım...
Dostlarım yuxuda...
Şəhərə layla tək yayılır kəlmələr...
Mən... səni... Sevirəm... Mən... səni... Sevmirəm...
Gülüşlər tökülür hansısa binadan
Göz yaşı yığırlar yollardan adamlar...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...

Yellənir pərdələr otaqdan küçəyə.
Yığmıram süfrəni. Hardansa ditdili
uzanır qolumun üstünə
Didib tökür məni...
Qolumu çəkmirəm...
Köynəyin açılır hardasa.
Sancaqla. Görürəm.
Sancaqla, görməyim...
Yadıma düsürsən...
Danışa bilmirəm...
Yatıblar dostlarım,
Dostlarım yuxuda...