среда, 5 августа 2009 г.

Külək

- Niyə bunları yazmırsan?
- Anlayarlar? - ürəyindən keçir, amma tərəddüd edir.
- Sən yaz...

O danışdıqca sakitləşir. Anlamağa çalışıram. Necə yəni şeirin altından imza qoymaq olmaz? Çox adi. O deyir ki, sözləri biz yaratmamışıq. Biz yalnız onları seçirik, istədiyimiz qaydada bir-birinin yanına düzürük və düşünürük ki, nəsə yaratdıq. Eynən özünə paltar almağa bənzəyir. Mağazaya girib seçirsən - əvvəl geyim, sonra uyğun ayaqqabı.
Təbii, yaraşanını alırsan. Hər şey sənin zövqündən asılıdır... Dayan, paltarı da sən biçmirsən, tikmirsən, amma səninki olur, elə deyil?
Belə də deyirəm:
- Səhv edirsən.
Əvvəl hirslənir, sonra gülümsünür və təkrar edir:
- Şeirin altına imza qoymaq olmaz. Bəlkə, heç yazmaq da düzgün deyil...

Deməli, yazmayacaq. Ən azı, yaxın dövr üçün...
- Dərmanları içirsən?
Gözlərimin düz içinə baxıb susur. Üzr istəyirəm. Sonra əlavə edirəm ki, özüm də müalicə götürmək istərdim. Deyəsən, inanır, üzünün incik ifadəsi dəyişir, mülayimləşir.
Deyir ki, son bir ayda eyni yuxunu görür - ağ xalatın qolunu, stolun üstündəki dərmanları...
- Həkim isə deyir ki, bunları içmək olmaz. Xəstə onlara baxmaqla sağalacaq... Amma xəstə olan adam ortada yoxdu...

Külək əsir və mən onun sözlərini güclə eşidirəm.
- Burdan getmək lazımdı.
Qeyri-ixtiyari sual:
- Hara?
- Nə bilim. Lap elə şamanların yanına...

Görəsən, sonuncu dəfə nə oxuyub...
- Məni də apar - deyirəm. Bilirəm ki, aparmaz. Ona elə gəlir, mən heç nə başa düşmürəm...

*** Telefon zəng çalır. Dostumdur, həyəcanla M.nin dəli olduğunu deyir. Sakitcə cavab verirəm: "yalandı" və söhbəti dəyişirəm...
Mənə elə gəlir onu xilas etməyin yolu var. Sadəcə, son aylar yorulub. Bəlkə, elə meşələrin birində balaca komada bircə ay qalsa... tək qala bilməz... yenə mən? Yooxx!

***
- Get - deyirəm. Istedad-filan boş şeydi. Əsas rahatlıqdı. Tək gedəcəksən?
- Sən də darxırsan, hə?
Cavab vermək istəmirəm, amma üzünün elə məsum ifadəsi var ki, inanacaq:

- Yoox, bir qram da. Üzünə baxmağa qorxuram. Birdən deyər ki, sən də... guya getmək asandı. Istəyirəm deyəm ki, onu sevirəm. Çoxdan. Amma bu mövzuda yalan danışmaq təhlükəlidi. Ondan daha çox özüm üçün. Lazım deyil...

- Tapdım, gəl belə edək. Sən yaz, mən imza qoyum. Razısan? - deyirəm.
Heç özüm də bilmirəm ciddiyəm ya yox. Bilmirəm ki niyə belə edirəm. Mənə lazım olan nədi - onun sağalması, yoxsa yazıları? Hansı vacibdi? Bilmirəm...Sadəcə, danışmaq lazımdı. Daha çox da danışdırmaq. Həkimlər belə deyir.Təklif edirəm ki, gedib bir stəkan çay içək. Özü də pirojna ilə... İndi ziyanlıların içində ən ziyansızı budu...

"Kiyevli şeirlər" silsiləsindən ilk şeir

Yalnız onlar mənə səndən hündür göründülər.
Sən olmayanda yalnız onlar vardı
Cavandılar,
yaxındılar,
amma uzaqdan baxırdılar.
Sən olamayanda onlara da toxunmadım...
Təkcə baxıb köks ötürdüm...
tozağaclarına...
məni qısqanma!..