среда, 26 сентября 2018 г.
İlişib qaldığım mənzərə
Sənin unutduğun yerdəyəm. Hələ də qara, azacıq qıvrım, qısa saçlarını geriyə itələyən o dalğın baxışlı qadının maşınının pəncərəsinə baxıram. Az qala and içə bilərəm ki, orada səni görürəm. Üzbəüz oturmusan. Nə edəcəyini, nə deyəcəyini bilmirsən. Mənsə elə hey baxıram, baxıram. Avtomobil adi sürəti ilə gedir və mənim baxışlarım da pəncərəyə yapışmıs kimi sizi izləyir.
Tam mənə görə bir mənzərədir. Kənardan baxmaq. Görmək. Anlamaq. Hiss eləmək. Bundan o tərəfə az maraqlıdır. Əlbəttə, xoşbəxtlik də bundan o tərəfdədir. Bəlkə də, deyil. Yoxlamaq imkanından istifadə eləmək istəmirəm. Niyə? Bu sual məni qorxudur. Çünki bütün mümkün cavablardan başqa sanki mənim bilmədiyim, bilməkdən ehtiyat elədiyim başqa bir həqiqət var. Bu həqiqət mənim içərimdədir. Beynimin ən gizli qatlarından birində. Onu tapa bilsəm, bütün düzən dəyişəcək. Məsələ mənim bu düzənin dəyişməsini istəyib-istəməməyimdə deyil, ondan qorxmağımdadır. Qorxaqlara nifrət edirəm! Qorxularımdan qorxuram. Yaxşı, boynuma alıram, sükanı itirmək istəmirəm. Çünki sonra nəyin baş verəcəyini bilmirəm...
Qoy maşın getsin. Baxışlarımı çəkmək istəmirəm. Dəqiq bilirəm, onun içərisində mənim üçün hava və su kimi lazım olan nəsə var. Olmasa, qalmazdım. Sadəcə, o nəsənin nə olduğunu bilmirəm...
Qadın başını qaldırıb, bircə dəfə üzümə baxsa, başa düşəcək. Amma onun başı bədbəxt taleyi barədə kədərli düşüncələrə qarışıb. Bir az da ağlı... o söz.
Sən özünü itirmisən, hərdən cəsarətini toplayıb sözə başlamaq istəyirsən, arada rabitəsiz cümlələrlə danışırsan da. Qadın tam başa düşmür, sadəcə, mexaniki şəkildə cavab verir, onu danışdıran qürürudur, hər vəchlə vəziyyətinin yaxşı olmadığını gizləmək istəyir.
Sən kədərini və yüngülvari məyusluğunu ozünlə götürub düşəcəksən, o da öz malikanəsinə qayıdacaq. Bax məhz bu aralıqda hansınızın yanında olacağıma qərar verə bilmirəm...
Avtomobili saxlamayın. Yolda qalmaq istəyirəm. Sizinlə...
09.2018
(Konspirativ məqsədlərlə bir detalı dəyişdim, ikisini isə çıxardım orijinaldan)
Xoş gündə yazılan yazı
Ağrı və kədərdən yoğrulduğunu düşündüyümüz ömrümüzün böyük bir qismini əslində hissiz yaşayırıq. Yəni xatırladığımız "ən"lərin içində yalnız sarsıntılar parlaq, rəngli, böyük görünür. Gözə girir deyək. Hə, indi düşünürəm ki, bir az da haqsızlıqdı - elə bil ağrının, qüssənin, kədərin, sarsıntının antonimi yoxdur. Heç bir pozitiv enerji daşıyan söz onlarla rəqabətə girə bilmir, elə ill cəhddəcə uduzur. Məsələn, mən "faciəvi" sözünün daşıdığı energetikanı heç bir xoşbəxt sözcüklə əvəz edə bilmirəm. Tərəzinin gözləri arasında balans pozulur. Sevinc sanki həmişə və hər yerdə kədərə uduzur.
Stop!.. Birinci etiraz:
Bu mövzuda nə qədər obyektiv ola biləcəyimi düşünürəm və əks arqumentləri sözə köçürə bilmirəm. Uduzan, bəlkə də, sevinc deyil. Elə mənəm.
Stop! İkinci etiraz:
Dərhal başlangıca qayıtmaq istəyirəm. İnsan həyatında barmaqla sayılası günlər olur ki, onlarla bütün ağrıları, kədəri, xroniki yorğunluğu, ümidsizliyi ört-basdır eləmək olur. Ört-basdır çox yumşaq oldu. Məsələn, elə günlər olur ki, deyirsən: bunun üçün hər şeyi yaşamağa dəyərdi - ağrını da, kədəri də, ümidsizliyi də, yorğunluğu da.
16.07.2018
Подписаться на:
Сообщения (Atom)