среда, 7 февраля 2018 г.

Çiçək-böcək

(2011, hekayə)
Bəzən bütün axmaq təsadüflər üst-üstə gəlir. Niyə belə düşündüyünü özü də bilmirdi. Axı həmin gün bircə təsadüf olmuşdu. Amma nə dəxli var. Əhvalı yerində deyildi. Dəqiq olan bu idi...
Gecə zəng səsinə oyandı. Nömrəyə baxdı və təəccüblənmədi. Əslində, təəccüblənməli idi. M heç vaxt bu saatda onu axtarmayıb.
- Heç bilirsən saat neçədi? – qəzəbli kişi səsi eşidildi.
- Yox.
- Bir bax da saata.
- İkiyə qalır, - səsi özünə də yorğun gəldi. Yuxulu adam başqa necə danışa bilərdi ki?
- Bu vaxt adama mesaj yazarlar?
- Vallah, mən...
- Olan-qalan ağlınızı da itirmisiz e... – dedi M. və telefonu qapadı.
İmkan olsa, izah edəcəkdi ki, üç saat əvvəl yazdığı mesaj şəbəkədəki nasazlıq üzündən ona yalnız indi çatıb. Amma imkan düşmədi. Daha doğrusu, M. imkan vermədi, o da izah eləmədi. Bir də, izahat nəyi dəyişəcəkdi ki?..
Üzünü yumaq üçün hamama keçdi. İşığı yandıranda xışıltı eşitdi, boylandı – qara, iri bir böcək divara qısılmışdı. Ona gülümsədi: sən də işıqdan gizlənirsən, hə? Böcək cavab verə bilsəydi də, susacaqdı yəqin. Gizlənən adətən səsini çıxarmır axı.
Fikirləşdi ki, adamlar azmış kimi indi də böcəkləri narahat edir. Ağlıma gələn fikirdən ləzzət aldı. Hər halda, gülümsəmək bacarığını hələ itirməyib – bu, yaxşıdı. Yəqin ki, yaxşı olan yalnız buydu.
Bir neçə saat yerinin içində o üz-bu üzə çevrildi. Səhər işə getməliydi. Amma getməyəcəkdi yəqin. Yəqin – o heç vaxt heç nəyi yəqin bilmirdi. Yox, dəqiq bildiyi şeylər vardı, amma ən dəqiqi buydu ki, heç vaxt nə edəcəyini əvvəlcədən dəqiq bilmir...
Dayanacaqdakı yeganə - üstündə taksi işarəsi olmayan maşına yaxınlaşdı. Qapını açdı və soruşdu:
- Hansı tərəfə gedəcəksiniz?
- Cəhənnəmə, - dedi bəyənmədiyi yumşaq və yapışqanlı səs, istəyirsən, səni də aparım.
X. səslərə həssas idi anlaşılan. Özünəinamlı, azca xırıltılı səsləri sevirdi. Amma bunun – bu oğlanın ona, onun zövqünə nə dəxli vardı axı?
özünü arxa oturacağa atdı.
- A bala, hara gedirsən axı?
- Cəhənnəmə, özünüz dediz ki.
Oğlan başını yellədi:
- Dəli əlinə düşdük də.
- Düz tapmışınız. Cəhənnəmə təkcə dəlilər getmək istəyər də. Ya da dəlisovlar. Fərqi yoxdu. Onlar üçün cənnət maraqsızdı – orada həddindən artıq sakit keçir - əlbəttə, müqəddəs kitablarda yazılanları nəzərə alsaq...
Başqa vaxt olsa, soruşardı, belə cavan, qəşəng oğlanın cəhənnəmdə nə işi var. Amma soruşmadı. Həm də eyni sualı cüzi dəyişikliklə ona da ünvanlaya bilərdilər axı. Başqa vaxt olsa, deyərdi: elə Allah bizim həyatımızı ona görə cəhənnəmə çevirib ki, başqa cür yaşamaq istəmirik, bacarmırıq, başqa cür bizə maraqsızdı. Demədi, indi başqa vaxt deyildi...
- Yaxşı, hara gedəcəyik axı?
- Nə bilim, baxın da. Prinsipcə, getmək istədiyim xüsusi bir yer yoxdu. Yaxşı olar, tanımadığım yer olsun.
- Oldu, - dedi cavan oğlan.
Güzgüdən onun üzünə baxdı X. Hə, qəşəng idi, ağıllı gözləri vardı, üzündə də qəribə işıq. Deyəsən, uşaqların üzü belə nurlu olur. Deyəsən. Unutmuşdu. Çoxdandı uşaq üzü görmürdü elə bil.
- Sənin neçə yaşın var, - soruşdu.
- Necə verərsən?
- Yox, bu olmadı. Şablon danışırsız.
- Yəni bəsit demək istədiz? Axı sual da standart idi.
Hə, ağıllıdır, hazırcavabdır, üstəlik, haqlıdır. Belə də dedi:
- Doğrudu. Bəs indi hara gedirik?
- Cəhənnəmə bənzəyən bircə yer tanıyıram.
- Deməli, getdik.
Əlavə sual vermədi. Uzaqbaşı.. Yox, elə adama oxşamır. Amma nə bilmək olar...
Oğlan sanki hiss elədi, “sən”dən “siz”ə keçdi:
- Qorxmayın, sizinlə bağlı heç bir planım yoxdu. İstədiyiniz vaxt çıxıb gedə bilərsiz...
Ev geniş idi. Təmiz, səliqəli. Cəhənnəm belə olmur axı deyəsən. Bu fikrini də hündürdən söylədi. Oğlan ilk dəfə gülümsədi:
- Nə içəcəksən?
- Alkoqolsuz bir şey.
- Mən alkoqolu nəzərdə tutmurdum da. İndi sənə məsləhət deyil.
- Niyə? Pis görünürəm?
- Hələ ki yox... Deməli, kofe. Yoxsa çay?
- Hə, çay. Yəqin ki, mürəbbə, limon, kəklikotu və mixək olmayacaq.
- Bağışla da.
- Onda kofe. Zəhmət olmasa, südlü... Əllərimi yuya bilərəm?
Hamamda da hər şey səliqəli idi.
- Sizdə böcək olur?
- Böcək? Hmm... Mən tək qalıram əslində. Amma bu gün hər şey ola bilər.
- Bu gün böcək mənəm. Oxşayıram?
Oğlan qəribə bir tərzdə ona baxdı. Bu, adət elədiyi həris kişi baxışı deyildi. X. anladı ki, bir az da belə davam eləsə, ona vurulduğunu uyduracaq. Amma bunun nəyi pis idi axı? Əksinə, indi ən yerinə düşəni buydu.
Otağa keçdi. Divanda oturub, qəhvəyi gülləri olan müşəmbəyə, masanın üstündəki kofe fincanlarına, sağ küncdəki balaca, köhnə televizora, asılqandakı zolaqlı köynəklərə, ağ tül asılmış pəncərələrə baxdı. Özünü rahat və xoşbəxt hiss elədi:
- Sənin adın nədi?
- Hansı adı xoşlayırsan? – elə bil bayaq cəhənnəmə getmək istəyən adam deyildi. Deməli, cəhənnəm təklik imiş.
Ağlına eyni hərflə başlayan adlar gəlirdi – Mahir, Məcid, Mehman.
- Məcid.
- Yaxşı, Məcid olsun. Sevgilinin adıdır?
- Yoox, - düzünü deyirdi, əslində, sevgilisi-filanı yoxdu. M? O, sevgli deyildi ki, doğmaydı, əzizdi. Onu sevirdi, heç kəsi sevmədiyi qədər sevirdi, amma sevgili deyildilər. – Sevgilim yoxdur, - dedi.
- Yalan danışma, Məcid gülümsədi.
- Az gülümsə. Təbəssümünü sevə bilərəm.
 Hə, onu sevmək istəyirdi. Sadəcə, sevmək. Bir neçə saat elə-belə yanında oturmaq. Uzağı, başını çiyninə söykəmək. Başqa heç nə. Heç nə? Axı qadınlarda istək elə bunlardan sonra yaranır. Yoox. Bu günü belə korlamaq olmazdı.
- Qalmaq istəyirsən?
- İstəyirsən, qalım?
- Hə.
Səsində ehtiras-filan yox idi. Ya da X.-yə belə gəldi.
- Birdən...
- Heç nə olmayacaq, - dedi onun Məcidi, - Əlbəttə, sən istəməsən.
- Elə məsələ budur da... Mən...
Susdu. Günü korlamaq istəmədi.
- Bilirsən, nə istərdim? Səhərədək burda qalım.
- Aramızda da heç nə olmasın?
- Hardan bildin?
Məcid gülümsədi:
- Qorxma, bilmədiyim şeylər də var.
- Məsələn, mənim adım. Rəna olsun.
- Yox, mən gerçək adını bilmək istəyirəm. Adamın həyatında heç olmasa bir dəfə gerçək nəsə olmalıdı, ya yox?
- Xumar.
Məcid yenə gülümsədi, yaxına gəldi. Xumar elə bildi ki, indicə onu qucaqlayacaq. Həyəcanlandı. Oğlan masanın üstündən “Kent” qutusunu götürdü və yalnız bundan sonra soruşdu:
- Etirazın yoxdu ki?
- Yox.
- Yəqin, çəkmirsən.
- Çəkirəm, amma gecələr. Məcid özü də bilmədən onun gözünün içinə necə baxdısa, Xumar bir anlıq özünü itirdi.
- Deməli, hamı yatandan sonra. Amma indi gecə deyil.
Xumara elə gəldi ki, dəli olur. Qəfil bu oğlanın sevgisini qazanmağı elə istədi ki. Onunla küçədə yanaşı gəzmək, teatra getmək, birgə şam eləmək... Tez də özünü ələ aldı, “ağıllı ol”, - dedi özünə: “ağıllı ol, yalançı ümidlər yaratma içində, hər şeyi məhv eləmə”...
Amma gec idi. Hər şey məhv olmuşduBeynindəkiləri gizləmək üçün gülümsədi.
- Niyə gülürsən?
- Səndən xoşum gəlir.
- Görürəm.
Bundan sonra nə olmalıydısa, o da oldu. Bəlkə, lazım deyildi, amma oldu.
ayrılanda Məcid onun yanağından öpdü. Söz verdilər ki, tezliklə görüşəcəklər. Hər ikisi səmimiydi, amma elə qapı bağlananadan sonra ikisi də anladı ki, heç nə təkrar olmayacaq.
X. gecə yata bilmədi, hamama keçdi. Böcək yox idi. Soruşmaq istədi ki, sən də getdin. Soruşmadı. Bu, çox kədərli olardı.
Bəs çiçək? Çiçək assosiasiyası hardandı beynində? Tül pərdələr? Süfrə? Yoxsa döşəkağı? Yoox. Yadına düşdü. Bu, mahnıydı. Son günlər ən çox dinlədiyi mahnı. Gülümsədi və öz-özünə təkrarladı: “Sen aşkı çiçek-böcek, güneş-bulut sanmışsın”...
Səhər nə olacağını dəqiq bilmirdi. Bir şeydən başqa, özünə bir dəstə çiçək alacaqdı. Vəssalam...