пятница, 5 января 2018 г.

Kafka, Borxes, Şopenhauer (şərti ad)

(roman haqqında romandan parça)



O gün kitab oxuyurdu. Mən qapıdan içəri girəndə başını qaldırdı, gülümsədi, əli ilə işarə etdi ki, oturum. Kitabı masanın üzərinə qoydu və təxminən belə bir söhbətimiz oldu: 
 - Deyir, biz haqqında heç nə bilmədiyimiz şeyləri sevirik. 
 - Yalandı.
 - Bilirsən kim deyir? 
 - Yox. Nə fərqi? 
 - Sənin cəmi bir-iki hekayəsindən sevdiyin Borxes.
 - Sonra nə deyir?
 - Deyir, bu sıraya Şopenhauerin 6 cildliyi də aiddir, o altıcildlik ki, sonadək oxunmayacaq.
 - Mən Şopenhaueri sevmirəm.
 - Sən fəlsəfəni sevmirsən, çünki sənə qəliz gəlir. 
 - Hə də. Bilmədiyim şeyləri sevə bilmərəm. Tanımadığım adamları da. 
 - Amma fransız dilini sevirsən.
 - Nə dəxli axı?
 - Bilmirsən bu dili...
 - Sən niyə həmişə qalib gəlirsən mənə? 
- Sən istənilən qədər əks-arqument gətirə bilərsən. Amma istəmirsən.
 - Niyə?
 - Adi bir səbəbdən. 
 - Ona görə ki, çox ağıllısan? Ya çox oxumusan?
 - Yox, bir az məntiqim var, vəssalam. Sadəcə, sən əsl qadınsan.
 - Yəni?
 - Məğlub olmağı sevirsən.
 Onun əminliyi məni özümdən çıxarırdı. Yox, o özündən razı deyildi, sadəcə, məni çox yaxşı tanıyırdı. Bilmirəm haradan, necə... Amma tanıyırdı. Bu yaxşı idi, amma eyni zamanda mən qorxurdum. Mənə elə gəlirdi ki, o hər şeyi hiss edir, deyə bilmədiklərimi də...
 Bundan sonra o, yəqin ki, könlümü almalı idi, çünki incidiyimi sezməyə bilməzdi. Amma eləmədi. Borxes, Kloun, birotaqlı ev... Nədir axı, bunlar olmadan mənim romanım yazıla bilməz? Nədir bu oyunların mənası? Mən əsəri bitirəcəm, bu mənim üçün vacibdir və hər şey unudulacaq. Yox, unudulmayacaq, amma bitəcək. Bu otaq, bu adam, bu söz qovğaları, onunla aramızda gizli gedən nüfuz savaşı...
 - Yorulmuşam, - dedim.
 Gəldi, başımın üstündə dayanıb zəndlə üzümə baxdı:
 - Özünü incidirsən, çox incidirsən, - dedi. 
 - Mənə lətifə danış. 
 - Nağıl olar?
 - Olar. 
 - Biri vardı, biri yoxdu, bir qəsr vardı, içində də bir şahzadə qız. Bilmirdi ora necə düşüb, hardan gəlib, bilmirdi, niyə başında tac var, sadəcə, bir gün gözünü açıb özünü bu qəsrdə görmüşdü. Nə pəncərəsi, nə qapısı olan bir qəsrdə...
 - Bu, Kafkanı xatırlatdı.
 - Bəlkə, Kafkaya da bu nağılı danışmışdılar.
 - Hə, amma Kafka o qızı çıxara bilmədi. 
 - Dayan da, imkan ver, nağılımı danışım. 
 - Əvvəl bunu denən, o qız qəsrdən çıxdı, ya yox? 
 - Səbrsizsən... Sənə nağıl danışmaq olmur. Amma neyləməli, biz strukturu dəyişməli olacağıq.
 - Borxes, struktur, Kafka... Sən necə Klounsan axı?
 - Bax, bayaqkı sualını unutdun. 
 - Yaxşı, nağılın sonunu danış.
 - Hə, qız çox əzab çəkirdi təklikdən. Hər gün divarların kərpiclərinin arasında laxlayanını tapmaq istəyirdi, oradan çıxmaq üçün balaca da olsa, bir dəlik axtarırdı. Yox idi.
 - Sonra?
 - Sonra yoruldu və yatdı, oyananda gördü ki, şahzadə deyil, qəsr yoxdu, əvvəl harda yaşayırdısa, elə ordadır. Qəsri isə sanki yuxuda görmüşdü. 
 - Amma bu, yuxu deyildi də, hə?
 - Deyildi...