QORXUNUN GÜNAHI
Gecələr adamın başına yaxşı-pis çoxlu fikirlər gəlir və çox zaman bu fikirləri yazıya köçürməyə ərinirsən (hələ bilmək olmaz bunun özü yaxşıdır, ya pis). Məsələn, bu gün mən sözlər barədə fikirləşirəm, amma yəqin, yuxum gəlmədiyindən, əlimi atıb şkafın üstündəki notbuku götürürəm, haradan və necə başlayacağımı bilmədən barmaqlarımı klaviaturaya toxundururam.
İlk ağlıma gələn söz “qorxu” dur. Nə üçünsə mənə elə gəlir ki, “qorxu” ilə “xortdan”, “xortdan”la “xortdamaq” arasında vizual baxımdan da aydın görünən əlaqə var. Düşünürəm ki, analarımızın bizi uşaqkən məhz “xortdan”la qorxutması təsadüfi deyilmiş - bu, şüuraltından gəlir. Xatırlayıram, mən bu məqsədlə “xoxu” sözündən istifadə edirdim, indi fikir verirəm ki, bu həm də “qorxu” sözü ilə həmqafiyədir (Yazıq uşaq bu nə olduğu mənim özümə də aydın olmayan uydurma surətdən o qədər qorxurdu ki, həmin dəqiqə kiriyirdi – hərçənd ən pis üsula əl atdığımı yaxşı bilirdim).
Daha sonra bilmirəm niyə “arıq” kəlməsi beynimi məşğul etməyə başlayır və özümə aydınlaşdırmağa çalışıram ki, bu, “arıqlamaq” sözündən gələ bilər. Adam ardan da arıqlaya bilər. Yəqin ki, “araq” da “ar”la qohumdur. Bu dəqiqə sizin nə düşündüyünüzü təxmin edirəm. Yaxşı, ironiyanızı hiss edib, “araşdırmalarımı” (yenə “ar”?) bitirirəm. Ən yaxşı halda, bilirəm ki, fikirlərimdə İsa Hüseynovun izini axtaracaqsınız. Amma nahaq yerə. Mənim sevimli yazıçımın “İdeal”ının məsələyə dəxli yoxdur. Əvvəla, ona görə ki, bu əsəri orta məktəbdə, gərək ki, VIII sinifdə, az qala vurulduğum tarix müəllimimizin tövsiyəsindən sonra oxumuşam, ondan sonra, hətta 6 il yarımlıq filoloji təhsilim müddətində də bu cür araşdırmalara meylli olmamışam. İkinci tərəfdən, İ.Hüseynov məsələyə daha qlobal yanaşaraq, müxtəlif dünya dillərindəki paralelləri gətirirdi və onun üçün vahid dil daxilindəki sözlərin leksik-semantik qohumluğu o qədər də maraqlı deyildi.
---
Deyəsən, yazılarımın birində yazmışdım - bütün eqoist adamlar özünütəhlilə həddən artıq meylli olurlar. Niyə qorxudan başladım və ar (utancaqlıq) hissində dayandım? İndi bu barədə uzun-uzadı düşünməyə xüsusi ehtiyac görmürəm. Bu, məlum məsələdir və yəqin ki, siz də indi elə belə düşünürsünüz ki, qorxu günahdan törəmədir. Yəni, insan hər hansı zərərli işi görür, sonra və ya elə prosesin gedişindəcə, yaxud elə əvvəldə anlayır ki, günah törədir. Sonra qorxmağa başlayır. Ya, hər şeyi görən və bilən Allahdan, ya öz vicdanından, ya qanunlardan, ya da insanlardan. Bəzən bunların hamısından. Və bəlkə də, mənimlə razılaşmayacaqsınız, amma günah işlədən insan qorxursa, bunu onun, ani də olsa, peşmançılıq keçirməsi kimi də qəbul edə bilərik.
Qorxu dəhşətli şeydir, o öldürə və ya öldürməyə vadar edə, çarəsiz xəstəliklə gətirib çıxara bilər. Amma daha pisi də var – qorxduğun üçün günah işlədə də bilərsən... Mövzuya qayıdacam...
---
Yaxın keçmişdə - mənim uşaqlığımın erkən dövrləri də bu vaxta təsadüf edir – Azərbaycanda, digər sovet respublikalarında olduğu kimi, insanlar Allaha inandıqlarını söyləməkdən çəkinərdilər. Ilkin mərhələdə (SSRİ-nin hələ çox güclü olduğu dövrləri nəzərdə tuturam), bəlkə də, bu, təqib və təzyiqlərdən qorunmağın yeganə yoluydu. Amma nə üçünsə mənə elə gəlir ki, sonrakə illərdə Azərbaycan insanı kütləvi qınaqdan xilas olmaq üçün, başqa sözlə, bizə doğma olan “palaza bürün, el ilə sürün” məntiqilə imanlarını gizləməyə, daha doğrusu, bu barədə düşünməməyə, bu mövzunu unutmağa başladılar.
Bu gün çarx tərsinə işləyir. Qoy heç kəsin acığına gəlməsin, indi fikirləşirəm ki, bu da sanki dəb xatirinədir – müğənnisindən tutmuş aliminədək bizim insanlar imanlarını az qala qışqıra-qışqıra göstərmək istəyirlər. .
---
Bir dəfə, bilmirəm, Amur məsələləri ilə ümumi giley-güzarımdan bezmişdi, yoxsa, kişilərin ünvanına işlətdiyim növbəti xoş sözdən qıcıqlanmışdı, J. azacıq hirslə “sən istənilən kişini ərköyünləşdirə (ifadəni bir az yumşaltmışam – R. ) bilərsən” dedi. Yəqin ki, haqlıydı. Amma mən əks cinsə bu qədər (yəni qədərindən artıq – tanıyanlar bilir, məndə çox nadir hallarda qadın həmrəyliyi duyğusu oyanır) yaxşı münasibət bəsləməyimin səbəbləri barədə düşünməyə başladım. Bizim fərqli olduğumuzu nə zaman hiss etməyə başlamışdım? Məktəbdə? Yox, bu nə vaxtsa daha əvvəl olmalıydı...
(ardı var)