воскресенье, 16 августа 2009 г.

Rəbiqə - Ayçiçəyi dalğası və ya bir ayrılığın anatomiyası



Fərhad Mete üçün


Bu il sənin 33 yaşın tamam olacaqdı. Səndən sonra - avqustun 13-də onlar üçü qaldılar, Hicran, Səbinə, Mətin. Indi (15 avqust) bloknotumu açıb baxıram – “on bir hecalıq” yazdığımız dəftərdə sənin misralarından biri (düşər gözlərimdən yuxular yaş kimi) təqvim qeydinin “13” rəqəmi ilə yanaşıdı. Hərəmiz üç misra yazmışıq, üç bənd alınıb. Sənin sonuncu misralarındı bu üç misra. Sonuncu üç misra, sonuncu gün... və sən mənim üç ən yaxın dostumdan biriydin...
Bunlar mənim bildiklərimdi...
Gəl “3” barədə düşünmə bundan sonra, 3, 13, 33 mistikasını...
===

“Dəli kimiyəm” - indicə (13 avqust) Fərid mesaj yazıb Qazaxdan. Bayaqdan bir neçə dəfə Sabutay Cəlilabaddan zəng vurub, deyir, səndən narahatam...
Mən dəli kimi deyiləm, Fərhad, hər zamankından daha ağıllıyam, daha sakitəm elə bil. Sakit bir hüzn var içimdə. Sakit bir ağrı...
Bu gün yenə uşaqlarla bir yerdəydik. Dünən (15 avqust) Sabutayla bir neçə dəfə zəngləşdik. Sonuncu dəfə 12 dəqiqə danışdıq – daha doğrusu, hərəmiz xəttin bir tayında ağladıq. Nə yaxşı, dostlar var, yoxsa tək bu ağrını yaşamaq olmazdı...
Həmişəki kimi daha çox detallar incidir, ağrıdır, yandırır. Dözürəm. Dişlərimi dodağıma sıxıram və çığırmıram qəbrinin üstündə - “yəni sən bura yerləşirsən, yəni sən burdasan?” deyə. Xeyir-şər evində süfrəni görəndə özümü saxlayıram, bircə gözlərim sözümə baxmır. Yadıma cəmi bir həftə əvvəl yemək yeməyimiz düşür. Alçaqcasına dözürəm. Yeyirəm. Keçir e boğazımdan. Yeyirəm ki, Hicran da yesin – üç gündür dilinə almır heç nəyi...
Gecə ilə zəng elədilər ki, şəklini və şeirlərini istəyir yaxınların. Səhər saat 9-da Anarla görüşməliydim. O vaxt bütün fotostudiyalar bağlıydı, gümanım evdəki çərçivələrə gəldi – sertifikatlara, müxtəlif mükafatlara, şəkillərə (bu, təsadüf deyil yəqin, nə demək istədiyimi anlayırsan da, bilirəm, indi başını bulayırsan, amma belədi, özün də bilirsən). Ən yaxın dostumun böyüdülmüş şəklini, şeirlərini öz əlimlə çərçivəyə salıb yasına apardım. Gücüm çatdı e, Fərhad...
Şəkillərinə baxıb dəli oluram – dəli olmamağıma dəli oluram e, qardaşım...
---
Nə qəribədi, ağrımı bölüşmək üçün dostları beynimdə sıralayanda da birinci sənin adın gəlir ağlıma. Sənin yoxluğunu səninlə bölüşmək istəyirəm qeyri-şüuri. Telefonun kontakt listində adını görəndə dayanıram, anlayıram ki, cavab verən olmayacaq. Sən bizim əhatə dairəmizi tərk etmisən - bilmirəm səninlə danışmaq və səni eşitmək üçün orbiti dəyişməkdən özgə də yol var, ya yox. Sən mistikaya çox bağlıydın, sənin, bəlkə, ağlına daha çox fikir gələrdi. Mənim təxəyyülüm səninki qədər zəngin deyil, nə yazıq. Ona görə də sənə bu cür yazıram danışmaq istədiklərimi. Hər şənbə bir yerdə oturduğumuz kafedə. Evdə yaza bilmədim. Istəmədim...
Əslində, mən bu yazını yazmayacaqdım. Özümə söz vermişdim, səndən yazmayacam. Elə yoxluğunun birinci günündəcə “yazmalısan” dedilər, bu sənin qarşında borcumdu dedilər, amma mən sənin haqqında yazmadım, sənə yazdım...


Bilirsən, nə qədər böyük günah olsa da, mənim hər şeyi lənətləməyim gəlir – sənin yatdığın torpağı da. Bu yazını da. Günlər keçdikcə azalmaq əvəzinə artır ağrı – bundan yazımmı? Yazımmı ki, səni çox istəyirdim? Bunu kim bilmir ki? Bir də, səni kim istəmirdi ki axı?..
Bu məktub əslində müxtəlif günlərin qeydlərindən ibarətdi. Hər gün gah əvvələ, gah ortaya, gah da axıra nəyisə əlavə edirəm. Bitmir. Amma sənin zaman ölçün başqa olmalıdır indi, sən yəqin hiss etmirsən bu mətndəki gün və zaman ardıcıllığının pozulmasını. Ona görə narahat deyiləm. Istədiyim cümləni istədiyim abzasa atıram. Həm də bu, ədəbiyyat nümunəsi deyil ki, mükəmməl olsun. Sənin səbrin yoxdu məndə. Sən bir şeiri altı aya yaza bilərdin, tam mükəmməl hesab etmədiyin mətni göstərməzdin bizə. Mən mükəmməl olmadım heç zaman, məndə bundan sonra da belə alınmayacaq, ona görə də səbrsizlikdən doğan səliqəsizliklə yazmağa davam edirəm...
***
Qəribədi, Fərhad, səni ənənəvi şəkildə xatırlamaq da olmurmuş. Ahmet Kayanı dinləyirəm, sonra “Adajio”nu. Sonra Keyko Matsuini və Frenk Düvalı - sənin mənə göndərdiyin mahnıları. Məncə, belə xatırlanmağın sənə daha xoş olar... “Xatırlamaq” sözü məni diksindirir. Bir üzü unutmaqdır xatırlamağın. Cəmi 5 gündür görüşmədiyimiz (14 avqust). Bilmirəm, növbəti görüşə nə qədər qalır...
Bir dəfə kimsə (Səlimmi, Pərviz Yusifmi, ya ədəbiyyatçılardan bir başqasımı, dəqiq yadımda deyil) dedi ki, qədim romalılar salamlaşanda “Ölümünü düşün” deyirmişlər bir-birlərinə. Üşəndirmişdi bu məni. Sənsə əcəl barədə elə sakit danışırdın ki, “burda nə var” deyə. “Nə var orada, Fərhad?” desəm, cavabında susacaqsan deyə soruşmuram. Bilirsən axı, suallarımın cavabsız qalmasından necə hirslənirəm...
***
İmzanla ilk dəfə “Kultaz”da rastlaşdığımı xatırlayıram. O zaman mənə elə gəlirdi ki, ora mənim sahəmdi. Sən mənim ovlağıma girməyə cəhd göstərən “yad” idin. Səni bəyənməmək üçün özümə məntiqli və “obyektiv” səbəb tapmalıydım. Əvvəl təxəllüsünə “ilişdim” – şəkildən boylanan yaraşıqlı sifətindəki təbəssüm mənə özündənrazı göründü, üstəlik, özünü böyük hun sərkərdəsinin adı ilə adlandırmandan qıcıqlandım (sonradan biləcəkdim ki, əslində, burada heç bir təkəbbür əlaməti yoxdu, Mete sənin vaxtsız itirdiyin rəhmətlik atanın adıdır). Sonra şeirinə baxdım – “hələ vaxt var”. Mən sənə növbəti dəfə qəzəblənməyə əsas tapdım öz ürəyimdə - sevimli şairimin “Hələ var, hələ vaxta var” misrasını xatırlatdım və kinli-kinli sevindim – tapmışdım. Əslində, qəzəb məni yanıltmışdı. Bu, şeirin deyil, həyatın surəti idi hər ikinizdə...
Adamlar həmişə mənə ədəbiyyatdan vacib olub. Səninlə Gənc Ədiblər Məktəbində görüşəndə hər hansı iddia, təkəbbür görməyəndə qəzəbim əvvəl özümə qarşı yönələcək, sonra da unudulacaqdı. Sevgi olan yerdə qəzəbi unutmağa nə var ki. Sonra yeni şeirlərini oxuyacaqdın mənə - “Adajio” məni dəli edəcəkdi, sonra köhnələrə yenidən diqqət verəcəkdim və mənim “üçlüyümə” daxil olacaqdın - ədəbiyyatda və dostluqda. O qədər yaxınlaşacaqdıq ki, sizi görmək üçün BSU-ya gedəcəkdim – ədəbi yaradıcılıq dərslərinə. Tənəffüslərdən birində səndən soruşacaqdım: “sən harada təhsil almısan” və cavabını eşidəndən sonra növbəti dəfə təəccüblənəcəkdim: “yəni doğrudan ali təhsilin yoxdu?”...
***
Sən son altı ayda ən çox ünsiyyətdə olduğum üç dostdan birisən. Sabah şənbədir, sənin “ev günün”. Amma sabah ilk dəfə sənə zəng etməkdən qorxacağam. Bu hələ sabah olacaq. Indi bu barədə düşünməyək, hə?
İndi “Adajio”nu eşitmək istəyirəm sənin səsində - sənin ən çox sevdiyim şeirini. Həmişə tədbirlərdə bu şeiri məhz mənim sevdiyimi vurğulayıb, gülümsədikdən sonra oxuyardın. Bir az da sən ərköyünləşdirmisən məni desəm, inciməzsən ki, qardaşım?..
Həmişəki kimi sənə şikayətim var yenə. Səlimdən – birinci ondan eşitdim axı yoxluğunu (yəqin ki, beləcə, hər zaman Anar Amin mənə bir balaca qəzəbli olacaq, Fərid Hüseyn də, Sabutay da, sənin barəndə xəbəri məndən alan digərləri də məndən inciyəcəklər, bilirəm). İkinci, elə Sabutaydan küsmüşəm – sənin də yanımda olmadığını bilə-bilə məni tək qoyub. Üçüncüsü, Qismətdən – məni yaman ağlatdı yazısı ilə...


Bir də, bir də... səndən küsmək istəyirəm, Fərhad...
---
Bəzən kiməsə bağlanandan sonra onunla eyni dalğaya köklənirsən, daha doğrusu, onun dalğasına düşürsən. Səninlə belə deyildi, biz ikimiz də eyni dalğa idik səninlə, eyni kordinatda. Bir-birimizin yanında rahat olurduq, bir-birimizin şeirlərini anlayırdıq və sevirdik, bir-birimizi qiymətləndirirdik. Bilirdik ki, bizdən əvvəl söz olub, bizdən sonra da söz olacaq. Amma bizim üçün sözdən öncə adamlardı – söz də elə adamlar üçündü bizə görə...
Kim olacaq yanımda tədbirlərdə bundan sonra? Çay stolu arxasında bir qədər çox yubananda kim taxta skamyalarda oturmaqdan yorulduğunu deyəcək ? Milli Parkda Vaqif Cəbrayılzadəni axtarmağa kiminlə gedəcəyik? Kefim olmayanda kim xatırladacaq Xan Rəsuloğlunun sözlərini: “Ay qız, üç günlük dünyadı, kef elə, amma heç kəsə” demə deyə. Telefondakı mahnıları kim paylaşacaq mənimlə? Kim dözəcək mənə?..
Heç tək qoymazdın məni. Bilirdin ki, yanımda kimin oturmasının dəhşətli dərəcədə əhəmiyyəti var mənim üçün – xoşlamadığım adamların əhatəsində dəfələrlə necə dəli olduğumu görmüşdün, hiss eləmişdin. Sonuncu dəfə şənbəydi, yenə bizim komanda bir yerdəydi. “Axşam heç gəmidə olmamışam” dedim, Qismət istəmədi, Anar razı olmadı, Əli gəminin şüşələrinin bağlı olduğunu bəhanə elədi. Yenə təkcə sən razılaşdın və səyahət boyunca cəmi iki-üç kəlmə danışdıq. Indi ən çox bununla məşğuldur fikirlərim – görəsən, sən nə fikirləşirdin? Deyəsən, mən Şimal Buzlu Okeanından, Antarktidada olmaq istədiyimdən danışırdım, bu şəhərdən və insanlardan qaçmaq istəyirdim bir neçə günlük. Sən demə, sən ünvanı həmişəlik dəyişməyi düşünürmüşsən. Nə biləydim axı...


Sonra nə dediyini xatırlamaq istəyirəm saniyələrədək. Səbinədən, Mətindən, İlhamdan, Brüsseldəki qardaşından nəsə deyirdin. Sentyabrda yenə komanda şəkilndə Gürcüstana - Əligilə gedəcəyimizi müzakirə edirdik. Təbiətən çox narahat olduğumundan, mən Allah bilir, neçənci dəfə soruşurdum səndən: “Sənin xarici pasportun var da, hə?”. Sən başqa marşrutu seçdin. Gürcüstan sənə görə çox yaxınmış yəqin. Adam kişi kimi qaçar qaçmaq istəyəndə - qayıtmayacağın qədər uzağa. Belədi?!!!


---
Sən heç yerə sığışa bilmirdin. Bir dəfə addımlarını saymışdın, 10 mini keçmişdi. Qəbrinə baxanda hamımız dəli olduq – necə yerləşirsən ora. Amma mən bilirəm, sən orda deyilsən, hardasa bizi gördüyün bir yerdəsən və məzarın üstündə deyilən, bizim hamımız əsəbiləşdirən o “şeirə” gülümsəyirdin uzaqlardan. Biz sənin xatirinə dözdük ona, o isə başa düşmədi. Başa düşmək üçün səni oxumalıydı, tanımalıydı...
Biz sənə şeir oxuyacağıq, Fərhad. Bilmirəm nə qədər vaxtımız qalır, amma oxuyacağıq. Sən yaxşı şeir üçün darıxırdın axı. Bəs özün necə, nəsə yaza bilirsənmi orada? Mən sizdən qayıda-qayıda bu barədə düşünürəm və Qismətdən soruşuram: görəsən, orada nəsə yazmaq olur? Kimsə, deyəsən, Tapdıq cavab verir – yox, orada problem yoxdu axı, şair olmur orada. Deməli, sənin bizə oxuyacağın bir şey yoxdu – sən yalnız bu şəhərə uzaqdan baxırsan...
***
Yadındadı, həmişə sənin şeirlərinin yumşaqlığından danışırdım, mənə elə gəlirdi ki, bu yumşaqlığa necəsə toxunmaq olar, onu fiziki cəhətdən hiss eləmək olar. Mənə indi də belə gəlir. İndi (13 avqust) sənin varlığını əvvəllər olduğu kimi hiss edirəm. Əvvəllər – yəni bir gün əvvəlmi???
Bu sualın cavabını düşünüb özümü ağrıtmaq istəmirəm, həmişə ağrımaqdan zəhləm gedib. İndi də sənə ağlayıb-sızıldamayacam. Bugünlük bəsindi, düşünürəm. Sadəcə danışmaq istəyirəm səninlə. Bu günədək də belə danışdığım olub axı ürəyimdə (Zəng edə, mesaj yaza bilməyəndə çox vaxt belə danışıram dostlarla, bilirsən. Həmişə də əminlik var içimdə - onlar məni eşidir. Ya da, bəlkə, sözlərin tamam başqa bir xüsusiyyəti var, hə? Bəlkə, doğrudan, sözləri eşitməkdən özgə də necəsə hiss etmək olur, bilmirəm. Sən indi bunu məndən yaxşı bilməlisən. İndi məni hiss edirsən, bircə bunu bilirəm).
Səninlə belə söhbətlərimin biriydi, dekabrın 31-dən 1-nə keçən gecə il yeni təhvil olmuşdu. Evdəkiləri yuxuya verib, kefsiz, işsiz və demək ki, həm də pulsuz vaxtlarımda olduğu kimi, notbukumu qucağıma alıb dəhlizdə oturmuşdum. Həə, bu dəfə həm də sevgisizdim, bu hissin məni tərk etdiyi nadir anlardan biri idi. Niyəsə məhz sən yadıma düşdün, başqa heç kəslə danışmaq istəmədim, başqa hamıdan küsmüşdüm. “Bircə sən bilirsən” dedim əvvəl, sonra da köçürdüm kompyuterin yaddaşına:

Bircə sən bilirsən - gecələr
Qapı ilə necə oynayır külək.
Bircə sən bilirsən - bu hələ
Sabah səhərədək çəkəcək.

Sonra mənasız bir şəkildə utandım bunu məhz sənə yazdığımı göstərməyə, dedim, birdən düz anlamazlar (sən demə, mənim də belə mənasız komplekslərim varmış!!!). Və bir də sonuncu dəfə görüşəndə dedim bunu sənə. Nə yaxşı ki dedim...
Hə, o vaxt “Fərhad üçün” başlığını çıxardım və düz 6 ay bir bənddə ilişib qaldım. Bilmirəm niyə, niyə mənə elə gəlmişdi ki, qapının küləklə oynamasını səndən daha yaxşı heç kəs sezə bilməz. Bəlkə, o an mənə elə gəlmişdi ki, heç özüm də sənin qədər darıxmıram...
Sonra tamamlayacaqdım o parçanı, amma niyə yalan deyim ki, gerisini yazanda səni düşünməmişdim, səninlə danışmamışdım. Içimdəki sevgi yerindəydi bu dəfə...


----
Mənimlə roman yazacaqdın. Demişdin, başlamısan, göstərəcəksən mənə və mən də ritmə düşüb yazacam boynuma düşən hissəni. Özümə inanmasam da, sənə inanıram. Bax, elə bu yanaşı stulda mənə süjeti danışmağını xatırlayıram, dəli olmağım gəlir. Mən bunu yazacam, Fərhad. Bir az sakitləşəndən sonra – sənə layiq şəkildə. Söz verməkdən nə qədər qorxsam da, deyirəm, yazacam.
----
Sonuncu dəfə şəkillərini mən çəkdim – səsin hələ qulağımdadı, dedin ki, şəkildə yaxşı düşmürsən, fotogenik deyilsən. nə yaxşı zorla səni qalxıb Anarla, Qismətlə yanaşı durmağa məcbur elədim... Bilsəm, yenə çəkərdim, bir də, bir də...
Sonuncu dəfə mənim dəftərimə şeir yazdın, bilsəm deyərdim bu şeir oyununu bir az da uzadaq... sonra bir də... bir də... (Baxıram ki, Qismətin yazdıqlarını təkrarlayıram bəzən. Təbiidir, sənin ayrılığını hamımız eyni cür yaşayırıq - xatirələrimiz bir qədər fərqli olsa da)...
Bircə dəfə xətrinə dəydim, yadımdadı, səni qorumaq istədiyim üçün. Sənin darıxmağın keçəcək dedim, dedim ki, keçəcək, amma sonra yenə darıxacaqsan və sonra yenə keçəcək. Mənə yazdın ki, haqlıyam. Amma mən səhv etmişdim. Mənə həmişə elə gəlirdi ki, bu xroniki mərhələlər heç vaxt bitmir. Ölüm o qədər uzaq idi ki, mən həyatı əbədiyyətlə eyniləşdirirdim. İndi çox şey dəyişib, Fərhad, ölüm o qədər yaxındadır ki, mən hər dəqiqə kimisə itirəcəyimi gözləyirəm elə bil. Bu dəhşətdi, dostum...
***
Içimizin ən yaraşıqlısı, ən işıqlısı, ən istedadlısı, ən fədakarı... Bu “ən”ləri ard-arda düzməyin nə mənası. Tanımayanlar deyəcəklər, yoxsan deyə belə fikirləşirik. Tanıyanlar isə bilir...
Elə bilirəm yenə mənə zəng edəcəksən ki, İlham darıxır, Ağsudadır, bilməsin mən demişəm, götür ona bir mesaj yaz. Mən də zəng edəcəm və telefonda İlhamın gülüşünü eşidəcəm...
Amma Ilham hələ uzun müddət gülə bilməyəcək bundan sonra. Az qala iti belə gülməyə məcbur edən Anar Amin əvvəlki qədər duzlu-məzəli olmayacaq. Və mən heç vaxt sənin yanında olduğum qədər rahat, arxayın olmayacağam, qardaşım...
***



Sən işıqlı adam idin. Biz qaranlıqda işıq axtarmağı sevirdik səninlə. Məncə, səninlə bu dəfəki söhbətim də işıqla bitməlidi.
Qismət yazıb, komandamızın ən yaxşı oyunçusunu itirdik. Həəə, biz göstərəcəkdik ki, azərbaycanlılar komandada oynaya bilirlər. Düşünmürəm ki, sənin getməyin əlamətdir. Məncə, bu sınaqdır, sadəcə, biz sənsiz - ən yaxşı oyunçusuz oynamalı olacağıq – sənə qırmızı kart göstərdilər, biz indi oyunu sənsiz davam etdirməliyik...
Biz yerdə sənin üçün dua edirik, sən də bizə uğur arzula göylərdən...
Buna ehtiyacımız var, dostum...

13-16 avqust

Qismət - Ah




Fərhad gülərdi, ah, necə gülərdi... Elə bilirəm ki, indi bu dəqiqə zəng gələcək və mən telefonuma baxacam ki, ekranda yazılıb : Fərhad Mete. Götürəcəm telefonu və biz vədələşəcəyik ki, bir saatdan sonra Şirzadın kafesində görüşək. Mən ora çatanda yenə görəcəm ki, əynində bozumtul cins şalvar, ağ köynək həmişəki kimi məndən tez gəlib. Əl uzadıb üzündən öpəcəm. Sonra dağboylu dostum qıvırcıq saçlı başını aşağı əyib deyəcək ki : "müəllim nə var, nə yox ?"
Elə bilirəm, bir azdan Səlim də, Rəbiqə də, Anar Amin də, Elvin də gələcək və Fərhad o məşhur lətifəni yenidən danışacaq.
... Bir gün polis narkomanı zooparkın yanında növbəti dəfə iynə vuranda tutur.
- Yenə vurursan ?
- Yox rəis, həkim dərman yazıb.
- Gedək bu dəqiqə yoxlayarıq.
Polis narkomanı kenquru olan qəfəsin yanına gətirib deyir :
- De, görüm nədir bu? Narkoman cavab verir: Rəis, bu dovşandı, olar da 35-40 yaşı...
Biz ilk dəfə eşidəcəyik o lətifəni, güləcəyik. O da güləcək. Güləcək, ah, necə güləcək... Sonra bir də... sonra bir də ... sonra bir də... və bu sonzuluğa qədər uzanacaq. Və biz qoymayacayıq Fərhad yanımızdan getsin. Ona lətifə danışdırıb, şeir oxutdurub vaxtı uzadacağıq ki, Fərhad getməsin. Amma...
Elə bilirəm, yenə Anar Amin Fərhadla zarafatlaşıb deyəcək ki, Fərhad məndən böyük şairdi, ancaq yaşca və boyca.
Fərhad şeir yazardı, ah, necə yazardı...
Elə bil, bir saat bundan öncəydi... Bulvarda Fərhad Mete, Rəbiqə, Anar Amin, Vüsal Nuru, Elvin və mən Rəbiqənin dəftərinə adama misra olmaq şərtiylə şeir yazırdıq. Fərhad sonuncu iki misrasını orda yazdı :
" Ayçiçəyi gözümə dalğa-dalğa" və "Düşdü gözümdə yuxular yaş kimi"...
Məndə olan şeirlərinə baxıram. Ağlamaq tutur. Üzünüzü o yana tutun, siz bu yazını oxuya-oxuya mən ağlaya bilmərəm, bilmərəm...
Şeirlərindən biri belə başlayır: "Bütün acı xəbərlər gecə saatlarında gəlir"... Bir başqası belə: "Sadəcə gedişin deyil yoxluğun"... Və sonuncu tamamlayıb bizə oxuduğu şeirində təkrarlanan bu misralar varıydı: "Allah məni öldürsün"...
Fərhad, sən indi Əlini qucaqlayıb ağladığım, Anara sarılıb hönkürdüyüm, hamıya "Fərhadı itirdik" deyə mesaj yazdığım ağlasığmazlıqsan, dözülməzliksən. Dostum, gözümüzdən yaş, əlimizdən gələnlər nə qədər gəlirsə səni unutmayacayıq. Bütün gənc ədiblər məktəbi, dostların, hamımız səni çox sevirik və həmişə də sevəcəyik.
P.S. Müjdat Gəzən Kamal Sunal vəfat eləyəndə səhnədən belə demişdi : O bizim komandanın ən yaxşı oyunçusuydu. Amma hakim ona qırmızı kart göstərdi. Soyunub-geyinmə otağında görüşərik, dostum. Görüşərik, dostum...

Jalə İsmayıl - Fərhad Mete barədə

Mən də inanmıram...
Kaş yalan ola, kaş Rəbiqəylə zarafat eləmiş ola, onu nə qədər çox istədiyini bilmək üçün...
kaş...
Aldığım xəbərdən özümü itirmiş kimiyəm.
2 dəfə görmüşəm Fərhadı, maraqlı şeirlər yazan Fərhad Meteni.
Bir dəfə salamlaşıb ayrılmışıq, bir dəfə də bir ctəkan çay içmişik. Vəssalam.
Rəbiqənin söhbətlərindən tanıdım daha çox.
Bir də zarafatları yadımda qalıb.
Bizim məşhur bir şairin kitabıyla elədiyimiz zarafatlar.
O işıqlı oğlan daha yoxdu. Olmayacaq. Şeirləri qalacaq. Xatirələri.
Bir də dostları yaşayacaq. Onsuz. Hər görüşəndə ondan danışacaqlar.
Daha əvvəlki dadı-duzu qalmayacaq görüşlərin bu qüssədən.
Axı bizim dost itirən vaxtımız deyil...
vallah deyil...
biz hələ hər şeyi indi yaşamağa başlayırıq...
yaşamaq istəyirik...
bizim payızımız nə tez gəldi belə...?
Allah rəhmət eləsin.

четверг, 13 августа 2009 г.

Soldan ikinci - Fərhad, sağdan ikinci - İlham


Tez sağal, İlham...

Fərhad Mete - Həyat

Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, bir körpənin doğuluşu xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər bu, oğlan uşağıysa.

Bütün acı xəbərlər gecə saatlarında gəlir.
Məsələn, «oğlunuz savaşa gedir» xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər geri gönəcəyi bəlli deyilsə.

Bütün acı xəbərlər gecə saatlarında gəlir,
Məsələn, «oğlunuz əsir düşüb» xəbəri kimi
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə
Həm də əgər xilasına ümid qalmışsa

Bütün acı xəbərlər gecə saatlarında gəlir
Məsələn «oğlunuz güllələnib əsirlikdən qaçarkən» xəbəri kimi
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.

-----------------------

Bütün acı xəbərlər gecə saatlarında gəlir... Bunu sən deyirsən???????

Fərhad Mete - Hələ vaxta var

Hələ vaxt var…
Alatoran…hamı susur…

On yeddi nəfər qalmışıq.
Az sonra- siqnal fişəngindən sonrai

kinci həmlə olacaq qarşıdakı səngərə.

Hələ vaxt var ölənləri saymağa,
sonra bir siqaret yandırıb səni xatırlamağa…
Yadıma düşür, meydan izdihamının içində

düyünləyib hirsimi-hikkəmi,
ən çox da sənə olan sevgimi
yumruq şəklində qaldırmışdım göylərə.
Və o şairin nitqindən sonra«azadlıq» sözünü üç hecaya bölüb
bagırmışdım bagıra bildikcə-nə boyunduruqdan, nə də köləlikdən,
səndən azad olmaq üçün.

Hələ vaxt var…
Axşamları çörək növbələrində

baxışları yerə dikilmiş,
bir-birindən utanan insanların içindəsəni axtarmışdım.
Sonra satıcı xanımın sanki qəsdən
«Bəlkə bu axşam çörək olmadı» sözündən sonra
izdihamdakı «Azadlıq!» bağırtımı xatırlamışdım
və küsmüşdüm sənə olan ehtiyacımdan.
Üstü yaşıl örtüklü şəhid tabutu önündə

cənazə namazı qılarkən
səni istəmişdim ayaqda və səcdədə.
Və bir gün qapınıza gəlib…
Bu da siqnal fişəngi,vaxt bitdi…


Yadda saxlayın – on yeddi nəfər qalmışdıq.
İkinci həmlədən sonra
yenidən sayarsınız ölənləri
və bir siqaret yandırıb xatırlayarsınız -
mən olmasam

Fərhad Mete - Yoxluğun

Yoxluğun…
Sadəcə gedişin deyil yoxluğun…

Baxıram pəncərədən sanki hər şey yerində -
sabahlar məktəbə gedən uşaqlar,
göy üzünə bulud kimi dağılan quşlar,
azad, qayğısız uçuşlar.
Və televizyondakı savaş xəbərləri
Fələstin, İraq, Somali -
Bombalanmış şəhərlər,
Küçələrdə sürünən yaralılar
Ölmüş qızına ağlaya bilməyən ata
Yarıçuq divarın kölgəsində gizlənən ölüm,
O biri üzündə nəfəsini dərən fotorepartyor,
Dodağında qorxulu gülüş
Yox…
sadəcə gedişin deyil yoxluğun
Bir azdan

Ölüm dəyişəcək yerini
Keçəcək divarın o biri üzünə
Fotorepartyorun gülüşü donacaq dodağında
Çəkdiyi şəkillər kimi
Ata qızını pencəyinə büküb aparacaq
Sonra yaralıları güllələyəcəklər
Dağılmış şəhərə qaranlıq çökəcək
Sabaha qədər bir sükut yaranacaq
Və şəhər nəfəsini dərəcək ki,
Sabah hər şey yenidən başlasın
Elə yoxluğunda…

Fэrhad Mete - Ailə


Mətanətə
Bir sabah ayılıb görsən ki,
hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa -
yəni göy üzü yerində günəşdi.
Sonra yadına düşsə ki, yuxunda qadın görmüşdün -
uşaq yerinə iri buğda dənəsi doğan
çılpaq qadın.
Qorxma, sığal çək sevgilinin saçlarına
Və də pıçıltı ilə “səni sevirəm” de
O da mütləq “mən də sevirəm” deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib
Yəni gördüyün kimi deyil nə varsa,
bom-boz evlərin önündəki dəniz deyil zəmidir –
həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
Sonra yadına düşsə ki, yuxundakı o qadın
qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.
Qorxma, başını əyib sevgilinin önündə diz çök
Vəyla pıçıltı ilə “mənə ümüd ver” de
O da mütləq “mənəm ümüdin” deyəcək

O sabah ayılıb görsən ki, hər şey dəyişib
Yəni gördüyün kimi deyil nə varsa,
Yəni birləşir günəşlə o sonsuz zəmi
birləşdikcə də boğulursan, nəfəsin kəsilir.
Yadına düşəcək ki, yuxuna ağlayan buğda dənəsini
qucağına alıb qaçmışdın arxana baxmadan.
Qorxma, qaldır otağın küncündəki boş
beşiyin örtüyünü
və soruş sevgilindən “içində bir şey
tərpəndimi ?” deyə
O da mütləq “tərpəndi” deyəcək.
Mütləq deyəcək...

Fərhad Mete - İstədiyin kimi


İSTƏDİYİN KİMİ

İstədiyin kimi oldum
Istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan,
gülümsəyən gözlərində böyütdün məni
sonra hazır sabahları yaratdım sənin üçün
sən yatmışkən
qaranlıqlardan keçən hazır sabahları,
küçələrdə ölmüş quşlara can verdim,
ayaqlarıma yıxılan yalmanan köpəklərin başını tumarladım
hürməsinlər deyə
ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim
divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım
sabah yenidən oxuyasan deyə.
Bütün səsləri içimə çəkdim oyanmayasan deyə.
Sonra sənə yuxuları verdim qarmaqarışıq,
Sirrini yalnız mən bildiyim yuxuları
içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar,
rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,
bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi,
sirrini tək mən bildiyim qarmaqarışıq yuxuları verdim sənə
hər sabah onları nəyəsə oxşadasan deyə
sonra qayıdıb yatağına gəld im, uzun – uzadı üzünə baxdım
və dedi m as tadan, pıçıltı ilə istədiyin kimi oldum,
istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan
səni sevdiyim üçün
mən – atasız, utancaq və qorxaq yeniyetmə...

Fərhad Metedən daha bir şeir

görüşdük. gizləndik. iki pilləkən yuxarı qalxdın
öpüşdük. getdin ...
bağırdım, çağırdım, pıçıldadım, dönmədin
adın dilimə yapışdı,
su içmədim, çörək yemədim
qorxdum ki, qanıma qarışarsan
tək qaldım, mübtəla oldum qorxulara
dua etdim qaranlıqlarda
gücüm bircə kəlməyə yetdi
ilahi dedim ...ilahi ...
sonra onlar gəldilər – tanımadığım yad adamlar
boyları boyumdan uca, addımları addımlarımdan iri
hamısı canlı, hamısı diri
qapımı döydülər,
işıqları yandırdılar, bir bütöv çörəyi böldülər
su içirdilər
qorxum, təlaşım çəkildi getdi, pəncərəmi açdılar
onun adını ucadan söylə dedilər
adının hər hərfini bir quş alıb apardı
qalxdılar getmək üçün sonuncu ayaq saxladı və dedi:
“ bir böyük yatağın üstündə iki nəfər -
biri ölər, biri qalar ...“
yatdım, yuxumda çatlamış toxum gördüm
içindən ağac çıxdı, altında quşlar kölgələndi
bir də o adam, yanında su və bir bütöv çörək
gülümsəyək dedi “xoş gəldin ...”



----
Yadındadı, mən bu şeiri sevmirdim. Anlamırdım. istəmirdim belə şeirlər yazasan, iazahatını verəndən sonra da sevmədim bunu. İndi dumanlı şəkildə anlayıram niyə...

Fərhad Mete - ADAGİO

dünən...
dağıldı sevgi üçbucağı – o getdi, ikimiz qaldıq gecə kafesində
gecə kafesindəki bütün baxışlar üzərimizdəydi sanki
sonra mən bir az sevincək, sən bir az məyus oldun
onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
səssizcə ağlamaq keçirdi içindən
o isə nə sevindi, nə də məyus oldu,
üstəlik hesabı da ödədi gedərkən


...bəyaz pərdələrlə qapanıb gecəni üç yerə böldük səninlə
yorulduq, bitdik, tükəndik
içimizdə ehtirasın amansızca yatırdığı bir kölə üsyanı
atəşimiz soyudu, beynimiz zəhərli fikirlərlə doldu
yanaşı söndürülmüş siqaret kötüklərinə bənzədik
sonra sən bir az sevincək, mən bir az məyus oldum
onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
bir bəhanə tapıb hirslənmək də keçdi içimdən,
hirsləndim və getdim ...

bu gün dünənkiylə eyni saatda
gecə kafesiylə evinizin arasındayam,
bəhanəm var sizə gəlməyə - evinizə daha yaxınam
qapında dayanmışam, nə məyusam, nə də sevincək,
çox soyuqdu, acımışam, üşüyürəm
aç qapını, səni deyəsən sevirəm ...

Fərhad, bizi ağlatma...`


Bu gün xəbər gəldi - Fərhadı itirdik...

İnanmıram...

Bilirəm ki, bu şənbə yenə gülümsəyə-gülümsəyə gələcək və deyəcək ki, saçımın düzümünü, ya geyim tərzimi dəyişməliyəm...

İnanmıram...

среда, 12 августа 2009 г.

Bizim birgə bloqumuz...

http://bizimqrup.blogspot.com/

Qoşulmaq istəyən varmı???

Müzakirə edəkmi? Şərhlər açıqdır...

Qadın və kişi ədəbiyyatı bölgüsü haradan gəlir? Deyə bilərsiniz ki, həyatın, təbiətin özündən. Amma...
Mən heç cür inana bilmirdim ki, “Ovod”un müəllifi Voyniç qadındır və ya Remark (təbii, şah əsəri "Zəfər tağıdır onun") - kişidir.
Əgər qadın və kişi ədəbiyyatı bölgüsünü qəbul etsək, bu bölgünü bütün yaradıcı sənət növlərinə aid edə bilərik. Məsələn mən bilmirəm, kişi rəssamlığı və qadın rəssamlığı anlayışları varmı? Və kişi musiqisi və ya qadın musiqisi. Gülməli səslənir? Müəllifin kimliyi önəmli deyil, mətn və ya yaradıcı məhsul maraqlıdır, vəssəlam. Əlbəttə, məsələnin başqa tərəfi də var ki, yaxşı əsər mütləq sevdirir, müəlliflə maraqlanmağa başlayırsan və...
Məni son vaxtlar bizim ədəbiyyatdakı qadınların süni şəkildə “kişiləşməyə” meyl etməsi narahat edir. Bu qorxulu tendensiyadır və bundan qaçmaq lazımdır...

O.Sadakidən təsirlənmə


Hər şey asandan asan.
Bundan sonra
sən özünü ovudarsan,
mən könlümü əyərəm.
Necə olsa yaşayaram -
bir körpə uşağa gərəyəm.
Necə olsa, yadından çıxacaq.
Narahat olma -
indi sənsiz -
səndən əvvəl necəydimsə
eləyəm.

13 aprel

“Bəzən heç nə kömək eləmir. Ən təmiz şeir belə anlarda söz yığınından başqa heç nə deyil, onu oxumağa həvəsin çatmır. Əksinə, daha çox özünə məğlub olmana bəraət qazandırmaq üçün Şəri təcəssüm edən şeylərə meyl eləyirsən, guya Şər Xeyirdən daha çevik, daha çılğın, daha yaxın (sırf məkan anlamında) olduğu üçün o, ağrını tez kəsə biləcək. Şərə meyl etmək, əslində, uzaqda olan, yaxınlaşmaq bilməyən (və ya yaxınlaşa bilmədiyin) Xeyirə acıq verməkdi.
Heç kəs özünü Şər hesab eləmək istəmir. Ümumiyyətlə, kimin kim olduğunu kim bilir ki?..”
- Necədi?

Bilirəm, tərifləyəcək, ona elə gəlir ki, mənim yazdıqlarım həmişə yaxşıdı, mən pis heç nə yazmaram. Davam edirəm: “Hə, bəzən heç bir söz kömək eləmir – təsəllilər, bəhanələr, qınaqlar, ümidlər. Heç nə… Hətta namaz qılmaq istəyən rəfiqəni günaha batırmamaq üçün təkbaşına içdiyin şərab belə… Bu mənada nəhəng pivə badəsində içdiyim şərab şər ab deyil və o heç nəyi və heç kəsi dəyişmir”.
- Qabda salat var. Elə-belə içmə.
Bu həm də siqnaldı. Yəni, içkiliyəm və yazdıqlarıma da buna görə münasibət bildirmək istəmir. Bəlkə də, şərab içə-içə namazı xatırlamam ona xoş gəlmir…

Gecədir, uşaqlar yəqin yatıblar, notebook da, şərab şüşəsi də, təkcə mənim ixtiyarımdadı. Düşünürəm ki, düşünmək kömək edəcək…
Qapı açılır, əvvəlcə, sarışın, gözləri yaşıla çalan oğlan, arxasınca da uzunsaçlı qızı içəri girir.
- İndi internetə girsək, çox vaxt aparmaz ki? Anam hirslənməz, hə?
Oğlanın bilmirəm neçə yaşı var, dəqiqləşdirmək istəmirəm də. Amma bu qəşəng uşağı sevindirəcəyim fikri məni gülümsünməyə məcbur edir:
- Gecələr sizdə net pulsuzdu, nə qədər istəsən, baxa bilərsən.
Sevinir. Soruşur ki, işim gecmi qurtarar? Mənə “sən” deyir və bu xoşuma gəlir. Əlbəttə, işim yoxdur, amma uşaqlara belə demək istəmirəm:
- Poçta baxım, sonra gəlib götürərsiz.
Əslində, özüm də bilmirəm nə axtarıram. Amma bunu da uşaqlara demək olmaz ki. Məktub var – oxucumdan. Deyir, V.S-ylə ortaq cəhətlər var şeirlərimdə. Yəqin, düz deyir… Cavab yazmalıyam, nə vaxtsa, hardasa oxumuşam ki, məktub alan kimi onu cavablandırmaq lazımdı. Əlbəttə, bu bəhanədir, cavabı ləngitməmək - sadəcə, bölüşmək ehtiyacındandır. Təəssüf, bölüşdüyüm şeylər heç də həmişə sevinc gətirmir. Deyəsən, şərab təsir eləmir, üstəlik buz kimidi. İstəyirəm yazım ki, ədəbiyyat-filan boş şeydir, bədbəxtlərin, başqa sahələrdə özlərini realizə edə bilməyənlərin sonuncu ümid yeridir ədəbiyyat. Yazmaq istəyirəm ki, indi ədəbiyyata heç vaxt olmadığım qədər yadam. Amma yazmıram, kobud görünmək istəmirəm. Düşünürəm ki, bunu yazmaq olmaz. Yaxşı deyil…Tələsik, bir neşə cümləlik cavab yazıb, notebooku uşaqlara verirəm. Onsuz da heç nə yaza bilməyəcəm…

Yuxum gəlmir. Televizorda maraqlı heç nə yoxdu. Amma qoy işləsin, tək qalmaq istəmirəm.Rəfiqəm yerdəcə paltarlı-paltarlı yatıb. Çağırıram.
- Nə var? – yuxulu-yuxulu soruşur.
- Qazın xodunu al, istidi, həm də tini adamı vurur.
Cavab vermir.
Bayaqkı söhbətləri bir-bir nöqtə-vergülünədək yadımda saxlamaq istəyirəm, alınmır. Qadının dedikləri içərisində bircə cümlə yadımda qalıb, ən çox da elə bunu unutmaq lazımdı…
Başımın altına qoyduğum jurnalı vərəqləyirəm. Onu bayaq kitabların arasından tapıb, çantama qoymuşdum. Yox, oğurlamamışam, ev yiyəsinin unutqanlğına ümid edib “oxuyub qaytaracam” demişəm. Gecə lampasının işığı gözlərimi incidir. Misralar qaçır, şəkli də yaxşı görə bilmirəm.
- Yatmamısan?
- Yuxum gəlmir.
- İstidi. Döşəyi götür, yerdə uzan. Jurnala baxırsan, hə?
- Aha.
- Dəlisən e…
Əslində, mənə yazığı gəlir. Döşəyi alıb yerə sərir, yanımda uzanır, saçlarımı qarışdırır. Anam yadıma düşür. O heç vaxt belə eləməyib. Az qalıram ağlayam, heyif ki, bacarmıram.
- Bütün spirt iylənirsən eee.
Üzümü yana çevirirəm. O, qoxulara mənim qədər həssas deyil, amma yenə də narahat olsun istəmirəm. Soyuducunun səsi elə bil əsəblərimdə əks-səda verir.
- Başa düş e, sənin dəyişə biləcəyin heç nə yoxdu.
- Hə. Ona kömək eləmək istəyirəm.
- Axı necə?… İstəyirsən, sabah o arvadı tapaq?
- Lazım deyil.
Yazı hazırlayır. Məndən nəsə soruşur. “Bilmirəm” deyirəm. Hiss edirəm ki, acığı tutmur. Başımı qarışdırmaq istəyir. Bugünkü qonaqlarından danışır, bir də ədəbiyyatdan. Mən qulaq asıram.

Balaca otaqda yerə qəzetdən süfrə salmışıq. Bizə elə gəlir ki, belə daha sadə və səmimi görünür. Bəlkə də, tənbəlliyimizə bəhanədi. Amma süfrə açsaq belə, bundan kim xəbər tutacaq ki?
Qəzetə baxırıq, təsadüfən bir şairin rəfiqəmə yazdığı şeirə gözüm sataşır. İnqilabi ruhlu sevgi şeiri. Gülüşürük…
- Bəlkə, mən həkimə gedim?
- Hə.
- Kimin yanına?
Bilirəm ki, Aslanı deyəcək.
- O cavan oğlanın.
- Mən sevgili demirəm eee, həkim deyirəm.
- Ay qız, ondan heç sevgili olar? Elə həkim kimi deyirəm də.

Aslan əslində yaxşı variantdı. Allah bilir neçənci dəfə, “onu tapacam” deyirəm.

- İşdə təkcə E-dən xoşum gəlir.
- İstəyirsən, deyim niyə?
- Deməəəə. – az qala yalvarıram - . Yox, Ona görə yox. Yaxşı oğlandı.
- Bəs neynəyəcəksən?

Ən ağrılı sual budu. Cavabım yoxdu. Neyləyə bilərəm ki?..

***
Səhər açılır. Fikirləşirəm ki, bəzən yola getməsək də, o çox yaxşı dostdu. Əlbəttə, tamam fərqliyik. Mənim barəmdə deyir, hiyləgərəm, sadəcə bir özəlliyim var, bundan heç vaxt istifadə etmirəm. O isə sadəlövhdü.Gecə net kartından istifadə etdiyi üçün oğlunu danlayır. Soruşur ki, balansında neçə saatı qalıb? Oğlan üzümə baxır. Gülürəm. Yadına salıram ki, limitsiz kartdan istifadə edir. Hərdən mənə maraqlı gəlir, görəsən, daim nələrisə onun yadına salmasaq, neynəyər?Yaxşı deyiləm. Cəmi bir saat yatmışam. Jurnaldakı şeirləri köçürməyə həvəsim yoxdu. Yazımı tamamlamaq istəyirəm. Amma istəyirəm ki, bu yazı məhz onun xoşuna gəlsin. Bitirə bilmirəm.
Bu dünyada bitməyən nəsnələr də var, artıq buna inanıram – bu ən yaxşı sonluq deyilmi?
13 aprel 2008

среда, 5 августа 2009 г.

Külək

- Niyə bunları yazmırsan?
- Anlayarlar? - ürəyindən keçir, amma tərəddüd edir.
- Sən yaz...

O danışdıqca sakitləşir. Anlamağa çalışıram. Necə yəni şeirin altından imza qoymaq olmaz? Çox adi. O deyir ki, sözləri biz yaratmamışıq. Biz yalnız onları seçirik, istədiyimiz qaydada bir-birinin yanına düzürük və düşünürük ki, nəsə yaratdıq. Eynən özünə paltar almağa bənzəyir. Mağazaya girib seçirsən - əvvəl geyim, sonra uyğun ayaqqabı.
Təbii, yaraşanını alırsan. Hər şey sənin zövqündən asılıdır... Dayan, paltarı da sən biçmirsən, tikmirsən, amma səninki olur, elə deyil?
Belə də deyirəm:
- Səhv edirsən.
Əvvəl hirslənir, sonra gülümsünür və təkrar edir:
- Şeirin altına imza qoymaq olmaz. Bəlkə, heç yazmaq da düzgün deyil...

Deməli, yazmayacaq. Ən azı, yaxın dövr üçün...
- Dərmanları içirsən?
Gözlərimin düz içinə baxıb susur. Üzr istəyirəm. Sonra əlavə edirəm ki, özüm də müalicə götürmək istərdim. Deyəsən, inanır, üzünün incik ifadəsi dəyişir, mülayimləşir.
Deyir ki, son bir ayda eyni yuxunu görür - ağ xalatın qolunu, stolun üstündəki dərmanları...
- Həkim isə deyir ki, bunları içmək olmaz. Xəstə onlara baxmaqla sağalacaq... Amma xəstə olan adam ortada yoxdu...

Külək əsir və mən onun sözlərini güclə eşidirəm.
- Burdan getmək lazımdı.
Qeyri-ixtiyari sual:
- Hara?
- Nə bilim. Lap elə şamanların yanına...

Görəsən, sonuncu dəfə nə oxuyub...
- Məni də apar - deyirəm. Bilirəm ki, aparmaz. Ona elə gəlir, mən heç nə başa düşmürəm...

*** Telefon zəng çalır. Dostumdur, həyəcanla M.nin dəli olduğunu deyir. Sakitcə cavab verirəm: "yalandı" və söhbəti dəyişirəm...
Mənə elə gəlir onu xilas etməyin yolu var. Sadəcə, son aylar yorulub. Bəlkə, elə meşələrin birində balaca komada bircə ay qalsa... tək qala bilməz... yenə mən? Yooxx!

***
- Get - deyirəm. Istedad-filan boş şeydi. Əsas rahatlıqdı. Tək gedəcəksən?
- Sən də darxırsan, hə?
Cavab vermək istəmirəm, amma üzünün elə məsum ifadəsi var ki, inanacaq:

- Yoox, bir qram da. Üzünə baxmağa qorxuram. Birdən deyər ki, sən də... guya getmək asandı. Istəyirəm deyəm ki, onu sevirəm. Çoxdan. Amma bu mövzuda yalan danışmaq təhlükəlidi. Ondan daha çox özüm üçün. Lazım deyil...

- Tapdım, gəl belə edək. Sən yaz, mən imza qoyum. Razısan? - deyirəm.
Heç özüm də bilmirəm ciddiyəm ya yox. Bilmirəm ki niyə belə edirəm. Mənə lazım olan nədi - onun sağalması, yoxsa yazıları? Hansı vacibdi? Bilmirəm...Sadəcə, danışmaq lazımdı. Daha çox da danışdırmaq. Həkimlər belə deyir.Təklif edirəm ki, gedib bir stəkan çay içək. Özü də pirojna ilə... İndi ziyanlıların içində ən ziyansızı budu...

"Kiyevli şeirlər" silsiləsindən ilk şeir

Yalnız onlar mənə səndən hündür göründülər.
Sən olmayanda yalnız onlar vardı
Cavandılar,
yaxındılar,
amma uzaqdan baxırdılar.
Sən olamayanda onlara da toxunmadım...
Təkcə baxıb köks ötürdüm...
tozağaclarına...
məni qısqanma!..