понедельник, 18 декабря 2017 г.

Portağal şirəsi

(Markes'ə)


-  Niyə, portağalın qoxusu onun özündən “dadlıdır” axı?
- Bu səni ona görə narahat edir ki, qoxuya toxunmaq olmur. Ona nüfuz etmək mümkün deyil. Sən o qoxuya dayana bilmirsən, dəli olursan, elə bilirsən ki, meyvəni yeyən kimi sakit olacaq ürəyin. Amma gözlədiyin effekt alınmır.
-        Bəs rəngi?
-        Rəngi? Bu sənin üçün az əhəmiyyətlidir, sadəcə, ovqata hesablanıb, bir də gözlərin rahatlığına.
-        Sənin cavabını bilmədiyin sual var? Sən bunları hardan bilirsən?

-        Bilmirəm... Görürsən, bilmədiyim cavab da var...


Qapalı bir məkandayıq. Kafenin sarı işıqları onun üzünə düşür. Sarışındır? Deyəsən. Üzbəüz oturub. Kostyumda, köynəkdə. Elə bizimkilər kimi. Bura necə gəldiyimizi, necə tanış olduğumuzu xatırlamıram. Bəs o?.. Ah, nədir bu portağal qoxusu?



-        Niyə narahatsan?, – soruşur.
-        Heç, portağal ətri gəldi...
-        Məni sevirsən?
-        Düzünü deyim? Hə.
-        İstəyirsən getməyim, hə?..
-        Həm də necə... Ofisiantı çağır, portağal şirəsi gətirsin.



O, elə bil, ikinci cümləmi eşitmir. Demirəm ki, portağal mənim üçün Yeni il nağılıdı, sevincdi, uşaq üçün oyuncaq nədirsə, odur, xoş-əhval ruhiyyədir. Demirəm, amma o bilir. Mənə elə gəlir, mən nə hiss edirəmsə o bilir. Bilir nəyi sevirəm, nəyi sevmirəm.


Mənsə baxıram, istəyirəm yalvaram ki, məni də apar. Sizin qaydaları qəbul edərəm, sizin qadınlar kimi geyinərəm, onlar kimi olaram. Dayan, bəlkə, onu öz dünyasında gözləyən qadın var...



Zəngi onun yerinə mən vururam, görünür, o unudub. Gələn olmur. Bizi tək qoyublar. Biz bu böyük dünyada ikimizik. O və mən. Amma dayan, dünya hanı? Pəncərələr bağlıdır, çöldə küləkmi əsir, günəşmi çıxıb, yaydırmı, qışdırmı, gecədirmi, gündüzdürmü? Bəlkə, qapının o tərəfində dünya yoxdu? Bəlkə, bütün dünya elə bu kafedən ibarətdir?
Deyir:



-        Mən qayıdacam, amma bilmirəm, qayıtsam, sən məni xatırlayacaqsanmı?
-        Niyə xatırlamayım ki?
-        Mən başqa cismdə qayıdacam, hər maskanı cəmi bir dəfə geyinmək olur.
-        Bəs getməsən?

-        Getməsəm, olmaz. Mən söz vermişəm.


O necə gedəcək? Haradan? Durduğu yerdə qeyb ola bilməz axı. Amma hara? Gedim o çıxışda yanğın törədim, o qapıda bəndə dönüm, o pəncərəni çilik-çilik eləyim, o təyyarənin benzinini boşaldım, o gəminin altını deşim, o maşının təkərinə iynə batırım...



Baxışlarımdan narahat olur. Masanın üstündəki ağ rəngdə qədəhlərdən birini götürür, mineral sudan bir qurtum alır. Mən soruşuram:



-        Sənin dünyanda bütün insanlar belə yaxşıdırlar?



Cavab vermir. Susur. Təkrar sual verirəm. Dəxli olmayan cavab verir. Səsi ilk dəfə titrəyir:



-        Sən yaxşısan. Sən hamıdan yaxşısan... Sən başa düşürsən. Səni başa düşürəm...
-        Öz dünyanda belə deyil?
-        Onlar qəşəngdirlər, amma  danışmaqdan qorxurlar.
-        Niyə?
-        Elə bilirlər, danışanda tilsim qaçır. Maraq dayanır.
-        Bəs sən?
-        Mən danışmaya bilmirəm... Mən qulaq asmaya bilmirəm.
-        Bəs kişilər?
-        Onlar da susur...
-        Bizdəkilər isə susa bilmirlər.
-        Bu yaxşıdı ki.
-        Amma onların danışmağa da sözləri yoxdu...

O, kədərlə gülümsəyir.

-        Bəlkə, hər şey bu kafedə belədir, - deyirəm, - bəlkə, bu yuxudur, bəlkə, mən dəliyəm?
-        Yox.
-        Bəs sən necə gəldin?
-        Sən çağırdın məni. Gəlməyə bilməzdim. Gəldim göstərim ki, sevgi var. Sən bundan sonra da sevə bilərsən.
-        Yox, getmə. Başqa heç kəsi istəmirəm, sən bəsimsən...
-        Yaxın gəl, vaxt azdır, bir az da çox qalsam, heç getmək istəməyəcəm, buna görə sənə də cəza verəcəklər.
-        Vecimə deyil. Lap öldürsünlər.
-        Mən dedim axı, söz vermişəm. Mən sözümə sadiq olmasam, sevərsən məni?
-        Bilmirəm, bəlkə də, sevərəm, amma bu məni incidər.
-        O zaman üzümdən öp və mən gedim.
-        İlahi, sənin dərin...

Sözümü deməyə imkan tapmıram. Ofisiant qapını açır. Portağal şirəsini masanın üstünə qoyur. 

- Niyə bir şirə?
- İki nəfərsiz?


Üzümü qarşı tərəfə çevirirəm, o yoxdur... Masanın üstündə kağızda yazılıb: "Unutma, sən hər dəfə portağal qoxusu duyanda yanında olacam"...