вторник, 22 декабря 2009 г.

Ölümü rəsmiləşdirən adam


2009-cu il dekabrın 17-də Elçin ölümünü rəsmiləşdirdi. Hər şey daha əvvəl başlamışdı. Harada, nə vaxt – indi bunu dəqiq demək çətindir...


Serroz olmasaydı... Hərəmiz bir cür ölürük – bəzilərini içmək, bəzilərini içməmək (istəsə də, bu və ya digər səbəblərdən bunu etməmək) öldürür. Yaxşısı bu olardı ki, belə seçimin qarşısında qalmayasan. Yəni içmək istəyəndə də, imtina edəndə də bu barədə düşünməyəsən. Bu, sənin üçün ağrıya çevrilməyə. Belə daha rahat yaşamaq olardı. Elçin bunu bacarmırdı, “bacarmadı” da deyə bilərik...


Onun taleyi faciəli oldu. Nədə idi faciəsi? Bunu da dəqiq demək çətindir.


O, gerçəklikdən qaçmaq istədiyi üçün daim uydurdu: azadlığını, sevgilərini, qısqanclığını, gücünü, gücsüzlüyünü.


Elçin, elə bizim hər birimiz qədər, azad deyildi. Amma o bunu bizim hamımızdan daha artıq istəyirdi. O, azadlığı qəribə şəkildə, həm də qəribə bir ehtirasla axtarırdı. Özünü inandırırdı ki, maşını işıqfora çırpmaq, içki qədəhini ovcunda çilikləyib damarına basmaq, adi sözün kəsəri olmayanda səkkiz-doqquzmərtəbəli söyüşə (etiraf edək ki, indi yeddimərtəbəli söyüşlə kimisə təəccübləndirmək xeyli çətinləşib) keçmək, bunun da faydası olmayanda yumruğunu işə salmaq, heç bir sənədi qaydasında olmadığı halda bir saatın içində xarici pasport düzəltdirib Avropanın göbəyinə enmək - qaydaları, etiketləri gözləməmək azadlıqdır. O, bircə an olsun, səhv etdiyini, əslində, hamımız qədər insan olduğunu, insan olduğu üçün də heç vaxt azad olmayacağını qəbul etmək istəmirdi. Amma gec-tez bu nəticəyə gəlməli idi. Həqiqət, istəsək də, istəməsək də, bir gün bizi yaxalayır...


O, sevgilərini uydururdu. Fərqli olduğunu hamıdan daha çox özünə göstərməyə ehtiyacı olan bir yeniyetmə həvəsi ilə dəlicəsinə “vurulurdu”. Ona elə gəlirdi ki, çıxıb gedən sevgilinin geri qaytarmaq (ya bu ayrılığı durdurmaq üçün) motosikletlə təyyarəyə “kəllə vurmaq” olar və hətta, bu ən yaxşı variantdır. Öz aləmində bu inam onu tənhalıqdan qoruyurdu. Əslində, bir dəfə gecənin serenadası altında siqareti-siqareti calayanda hər şeyin ömrünün tüstü qədər olduğunu anlamış və bunu vərəqlərə köçürmüşdü. Sonra onu ömrü cəmi bir gün çəkən qəzet səhifəsinə yerləşdirmişdi. Yerləşdirmişdi ki, bu fikirlərdən azad olsun. Niyəsə bizə elə gəlir ki, danışmaqla, yazmaqla içindəkiləri vərəqə atmaq, bununla da o fikirlərdən azad olmaq, hiss və düşüncələrimizin bizi apara biləcəyi təhlükələrdən sığortalanmaq olar...


O fikirləşirdi ki, kompromisə getmək həmişə xəyanətdir. Bir dəfə güzəştə getdiyi üçün özünü bağışlaya bilmirdi. Bəlkə, buna görə yazmağın daşını biryolluq ata bilmir, heç olmasa, qəzetlərin künclərində köhnə imzasını görmək istəyirdi. Amma özü də bilirdi ki, cəsarətli və barışmaz Elçin Səlcuq yoxdur, bir də olmayacaq. Məsələ, onun özündə deyildi. Zaman dəyişmişdi, insanları qəhrəmana çevirə bilən gərginlik yox idi. İndi cəsarət və barışmazlıq qəhrəmanlıq sayılmırdı. O, qəhrəman olmaq istəyirdi və fərqində deyildi ki, çoxdandı ki, yel dəyirmanı ilə vuruşur...


Həyata bağlanmaq üçün uydururdu. Əvvəllər, oğlu hələ körpə olanda o, səmimi qəlbdən inanırdı ki, Səlcuqu tək qoymamaq üçün yaşayır. Unudurdu ki, bir gün bu inamı ilə də vidalaşmalı olacaq. Vidalaşanda... artıq Səlcuq universitet tələbəsi idi...


Elçin nə vaxtsa daha əvvəl ölmüşdü. Deyirdi ki, hamını şoka salacaq roman – özünün taleyini yazıb. Roman – indi mənim çözələmək istəmədiyim (çözələməkdən qorxduğum) xoş, kövrək və kədərli xatirələrlə zəngin idi. Sonuncu səhifədə bircə, bizə anlamsız görünən sapsarı gözləri, bir də qəribə, heç nə ifadə eləməyən təbəssümü qalmışdı... onları da apardı... dekabrın 17-də...