вторник, 17 ноября 2009 г.

Qorxu və ... (IV hissə)

Beş yaşında qız uşağını təsəvvür edin. O uşağı ki ancaq nağıllarla böyüyb, bağçadan zəhləsi gedir (burada ona nağıl oxumurlar, yatırtmaq üçün belə başını aldatmağa çalışmırlar, sıyıq yemədiyi üçün hədələyirlər və s. və i.a), təsəvvür edin ki, valideynlərin gəlmə vaxtına az qalır, o, sevinclə soyunub-geyinmə şkafına tərəf qaçır... Elə buradaca gerisini düşünməyin, qız uşağını qaçdığı anda saxlayın təxəyyülünüzdə.

Şkafa tərəf qaçarkən... o, müəllimənin məktəbdən qayıdan hündürboylu, sarışın oğlu ilə toqquşmalı olur. Oğlan maykasının üstündən köynəyini geyinməyə imkan tapmır, arxadan şığıyan qızcığaz ona zərblə çırpılır...

Həəə, qızcığaz məndim. Ağzım çox möhkəm dəymişdi. Ağrını azaltmaq üçün dilimi dodaqlarıma sıxdım. Nəsə qəribə, acı dad vardı...

Deməli, onlar belə dadırmışlar... Bunu elə həmin gün unutdum – atamın işdən dönərkən aldığı ətirli, əlvan zefirləri görən kimi...

Bunu çox sonralar xatırlayacaqdım. Təxminən 24-25 il sonra. Yəni indi...

Mənə elə gəlir ki, insan həyatında heç nə təsadüfən baş vermir, sadəcə, siqnalları anlamaq lazımdı, əlamətləri oxumaq lazımdı. Nə qədər ki bunu eləmirik – uduzacağıq...

Mən həmişə uduzdum – qələbə çalanda belə...

Ah, hələ uşaqlıqdan qalib gəlməyi necə sevərdim. Mənə elə gəlirdi ki, qələbə qazanmaq, həmişə birinci olmaq üçün yaranmışam. Ah, bu xudpəsənd sadəlövhlük...
***

Qonşuluqda əkiz qardaşlar yaşayırdı. Nədənsə, onlarla heç yola gedə bilmirdim. Bir dəfə onlarla davamız düşdü. Təkdim. Birinin furajkasını (indi bunu düşünüb gülümsəyirəm – o zaman bu oğlanlardan daha çox onların furajkalarına nifrət edirdim) yerə atıb tapdamağa başladım. İkisi birdən üstümə gəldilər. Qorxmadım. Yumruğumla oğlanlardan birinin burnunu qanatdım. O biri də qardaş da özünü itirdi...

O zaman bildim ki, güc birlikdə deyil, güclü olduğuna inanmaqdadır.

İndi daha çox şeyi bilirəm. Məsələn, bu qənaətə gəlmişəm ki, kişilər ən çox edə bilməyəcəkləri, bacarmayacaqları şeyləri istəyirlər... Qadınlar isə bacarmayacaqlarını düşündükləri şeyləri edirlər... Əks halda, dəli olarlar...

***

Son vaxtlar mütaliə vərdişlərimlə bağlı çox şeyi təhlil edirəm və fikirləşirəm – nə üçün bəzi ciddi ədəbiyyat nümunələrini oxuya bilmirəm. Niyə hər yerdə işıq axtarıram...

Yadıma kənd düşür... Məni orada çox sevərdilər – bəlkə, evimizdəkindən daha artıq. Hər halda, mən belə düşünürdüm. Bibim, yaşca məndən dəfələrlə böyük olan bibim uşaqları... rəhmətlik Həkət kişi soyuq günlərdə bizi pilləkənlərə yığıb sazını çıxarardı. Hərdən də mənim Göy dağ kimi yadımda saxladığım yerə gedərdik, böyüklər ot çalardılar, biz çiçək yığardıq. O vaxt ilandan da indiki qədər qorxmazdım...

Axşamlar kitab oxuyardım. Hansısa küncdən köhnə, vərəqləri didilmiş bir nağıl kitabı tapmışdım. Əvvəl bibim qızına oxutdurardım, sonra onun yalnız bizi yatırtmaq üçün nağıl oxuması azlıq elədi, özüm oxumağa başladım. Orada bir nağıl vardı, “Ax-vax” adında. Bax ilk dəfə bu nağılla tanışlıq qorxutmuşdu məni.

Niyə? Nə vardı orada, xatırlamıram. “İmkan düşən kimi o nağıla təkrar baxacam, bəlkə bu barədə yazı da yazdım” deyirəm, amma hər dəfə də bunu etmək istəmirəm. Özüm də bilmirəm niyə, qorxuram....

Qorxu və günah (III hissə)

“Keçinmək” sözünün dəhşətli mənasını ikinci sinifdə oxuyanda bildim. Bir səhər anam bizi – uşaqları götürüb ağlaya-ağlaya evdən çıxdı, metroya mindik. Niyə ağladığını bilmirdim, soruşmağa da qorxurdum. Elə bil hiss edirdim ki, soruşsam, daha bərk ağlayacaq və onu kiridə bilməyəcəyəm. Məndən üç yaş böyük xalaoğlum üzümdəki çaşqın ifadəni görüb, “nənəmiz keçinib” deyəndə anladım ki, nəsə olub. Elə bir şey olub ki, bundan sonra xəstə yatan, övladları bir yana, özünün kimliyini belə xatırlamayan (bu çox zaman bizdə - nəvələrində gülüş oyadırdı, onu danışdırıb, cürbəcür suallar verib, gülüşürdük) ağsaçlı arvadı bir də görməyəcəyəm...


Daha əvvəl itirdiyim ana babamı isə çox az xatırlayıram. Indi dayımgilin yaşadığı evin köhnə görünüşü isə dəqiq yadımdadır. Küncdəki ağ-qara sovet televizoru, köhnə taxta stullar, içəri otaqdakı toppuzvari başlıqlı, iri dəmir tor-tor çarpayı. Babam televizorun yanındakı stulda oturub, qucağındayam, ondan tütün iyi gəlir. Evə qayıdanda isə həmişəki kimi, anamın, xalalarımın etirazına baxmayaraq, ayaqqabılarımın tez-tez ilişən şimşəyini (bu sözə heç adət edə bilmirəm, “zamok” daha doğmadır mənə) bağlayır. Başqa heç nə...

Ata babam daha yaxşı yadımdadır. Onun aldığı narıncı kostyumu, qəhvəyi sviterimi. Tez-tez 8-ci kilometr bazarına getməyimizi. Mən onunla bazarlıq etməyi sevərdim – geri qayıdanda həmişə torlu zənbillərimizdə əlvan rəngli, iri meyvələr olardı. Bir də, yaşıl sarımsaq və malakan kələmi turşusu (ağ kələm). Sonralar atam da hər bazara gedəndə məni də aparardı və mən elə bazardaca yaşıl dəstəni açıb yeməyə başlardım. Bu hərəkətimə görə məni danlamazdılar. Ağ kələm turşusunu isə o qədər sevirdim ki, evdə məni “kələm boçkasından” (“çəllək” sözünü işlətməzdik) tapdıqlarını deyirdilər. Inanmışdım...

Çox ərköyün böyüdüyümdən gündəlik qida rasionum yayda yalnız pomidor və xamadan, qışda isə kolbasa və soyutma yumurtadan ibarət olurdu. Başqa heç nəyi dilimə almazdım. Adətən səhərlər şirinçayın yanında təklif olunan yağ-çörəyə də yaxın durmazdım. İndi sevdiyim sulu xörəklərdən və xüsusilə də sıyıqdan (onu heç indi də sevmirəm) söhbət belə gedə bilməzdi. Ətdən də zəhləm gedərdi. Atam mənim tezliklə zəifləyib öləcəyimdən elə qorxurdu ki.

Heç unuda bilmirəm, bir dəfə növbəti bazarlıqdan qayıdanda hiss elədim ki, babam çox yorulub. Nənəm qapını açanda kişinin əlindəki qarpızların biri yerə düşdü və tən yarıdan parçalandı. Arvadın nə dediyini xatırlamıram, yadımda qalan odur ki, o zaman bir sicilləmə danlaqdan sonra əvvəl babama yazığım gəlmişdi, nənəmə qəzəblənmişdim, sonra isə içərimdə anlaşılmaz bir ağrı hiss eləmişdim...

***

Əvvəlki evimiz “Bakı” kinoteatrına yaxın idi. Bir filmi belə buraxmazdıq. Atam işdən gələn kimi evdə hazırlıq görülərdi, anam yemək götürərdi, yoldan limonad və tum alıb bilet növbəsinə dayanardıq – hind filminə baxmaq üçün... “Qığılcım”, “Rəqqas Disko”, “Ədalət mühakiməsi”, “Toz içində çiçək”, “Əbədi məhəbbət nağılı”, “Üç məngənə”, “Üç muşketyor kimi” və adını xatırlamadığım onlarla filmi ilk dəfə orada izlədim.

___

Bir dəfə birinci sinifdə oxuyanda sinif müəlliməmiz bizi “Bir dayan” multiplikasiya filminə baxmağa apardı. Valideynlər məktəbin qapısı ağzında gözləyirdilər. Arxamca heç kəs gəlməmişdi. Yalan olmsasın, üç-dörd saat gözlədim, gah ayaqüstə dayandım, gah səkidə oturdum. Kövrəlsəm də, özümü saxladım, ağlamamadım. Evimizlə məktəbin arasında maşın yolu vardı, mənə tək evə qayıtmağı qadağan etmişdilər. Elə bildim ki, arxamca gələn olmayacaq, bütün dəcəlliklərimin əvəzində valideynlərim məni atıblar. Başqa heç nə fikirləşmirdim.Sən demə, istirahət günü olduğundan, atam məni anama, anam da atama arxayın olub. Qəfildən yolda atamı görəndə necə qucağına atılıb ağlamışdımsa, onu da kövrəltmişdim...

***
Üçüncü sinfə keçmişdim. Babam xəstəydi. Bir gün səhər qəribə bir yuxu gördüm. Nənəm babamı altıncı mərtəbədən atırdı. Qorxub oyandım. Yerimin içindəcə qulaq verdim – anamla evə haradansa yeni dönən atam mətbəxdəydilər. Atam “xalçanı bük” dedi. Yerimdən onlara tərəf qaçıb, qorxa-qorxa soruşdum: “Baba ölüb?”.

Uzun illər elə düşünürdüm ki, onu yuxumda görməsəydim, babam ölməzdi. Bir də, düşünürdüm ki, babamı çox sevdiyi arvadının - nənəmin amansız münasibəti öldürüb. Mən qocalığın və xəstəliyin öldürə biləcəyinə inanmırdım...

Tabutun evdən çıxmasını görməmək üçün həyətdən xeyli aralandım. Çox qorxurdum deyə babamla vidalaşmaq ağlıma belə gəlmədi. Həm də bunun üçün çox uşaqdım yəqin...

Amma qorxum bununla bitmədi, əksinə... Yas yerində qadınlar danışırdılar ki, ölümündən əvvəl babamın gözünə Əzrayıl görünüb. Onu da dedilər ki, Əzrayıl adamın adamın başına qonmasa, ölmür. Babam da qorunmaq üçün başını adyalla gizlətmək istəyirmiş. Ondan sonra gecələr yayın istisində belə, nəfəsim az qala kəsilsə də, başımı yorğanla bərk-bərk bürüyürdüm. Bu adətimi cəmi bir neçə ildir tərgitmişəm...

***

Niyəsə bu gecə məhz kədərli xatirələr yadıma düşür. Halbuki uşaqlığımın xoşbəxt anlarının daha çox olduğunu bilirəm. Hər şənbə bazar atamın bizi bulvara gəzməyə apardığını, sirkə, zooparka, teatr tamaşalarına getməyimizi, “Vətən” və “Nizami” k.t-da filmarası fasilələrdə çox sevdiyim kolbasalı buterbrodları, çiyələkləri dondurmaları unutmamışam təbii. Hələ atamın mənə hədiyyə etdiyi siqnallı, yaşıl maşın. Ona minib bağçanın həyətində qonşu uşaqlarına acıq verməyi necə xoşlardım. Bir neçə il sonra kənddən birbaşa yeni aldığımız mənzilə gələndə sevimli maşınımı zibil kimi küçəyə atdıqlarını bilib ağlamıəşdım da. Onda artıq 9 yaşın içindəydim...

_____

Xatırlayıram, sovet hakimiyyətin son illəriydi, axırıncı dəfə “Ana və uşaq” kafesində nahar edəndə hesab gözləmədiyimiz qədər çox çıxdı. Bundan sonra ailəlikcə qərara gəldik ki, bir də kafedə yemək yeməyək. Adi müəllim ailəsinə belə səxavət yaraşmırdı...