понедельник, 27 июня 2022 г.

Gündüz könlümü alıb, gecəyə satdın məni.

Çiçək olsa, susardım, böcəyə satdın məni.

Çölə-çəmənə satdın, meşəyə satdın məni,

Danaya, itə, qurda, keçiyə satdın məni.

Taxçalar yerə düşdü, axçalar cingildədi.

Otuz üç dəfə dindi dilənçi gülüşləri,

İstəyirsən, ad çəkim, kim necə dingildədi -

Mən yaxşı tanıyıram belənçi gülüşləri.


Göz vurdu bir-birinə toqquşan qədəhlərdə

Hiylələr mən öldüyüm saatda sağlıq dedi.

Damarımı doğrayan ülgüc boyda bu dərdə

Kimsə höcətlik dedi, kimsə uşaqlıq dedi.  


Sən kim inandırdı ki, məndə dəmir buxov var?

Olsa, ayağın altda düşməzdim tifil kimi. 

Heyif, yadımdan çıxıb harda itdi açarlar,

Tapıb qandallayardım könlümü qıfıl kimi.


Nə əllərin çatardı, nə gözlərin görərdi,

Nə qiymətli bir əşya olardım sənə, nə qəm.

Bəlkə də, kimsə gəlib bir gecə götürərdi,

Kimsə pıçıldayardı şeir kimi: "sevirəm"...

Üzünə gülümsəyən bir təbəssümə satdın, 

Çirkinə satdın məni, göyçəyə satdın məni.

Nə fərqi var kim üçün, demirəm niyə satdın,

Qiymətimi de bilim, məni neçəyə satdın...

пятница, 17 июня 2022 г.

 


Kölgən düşsə...

(Pyotr, xoruz banlamazdan əvvəl, üç dəfə...)

 

Daş demişdim mən adını, hər çəkəndə ucaldın,

Bir aç bax gör ürəyimdə nə qəşəng məbəd saldın.

 

Gəl gecənin çarmıxına çəkilirəm, gəl görüm,

Gözlərimi yummamışam, şəklini göstər görüm...

 

Lap istəsən, qəzəbinin dişlərini itilə,

İşıqlansın ömrüm-günüm, yandır, od vur fitilə.

 

Qoyma görsün öldüyümü nə düşmən, nə aşina,

Kölgən düşsə, dirilərəm məzarımın başına.

 

Bilirəm ki, gedəcəksən banlamamış xoruzlar,

Qurban olum, bir az da qal, səhərə bir səhər var...

 

Göy üzünün açarını sənə verdim, al saxla,

Öpmə, indi ki gedirsən, möhkəm-möhkəm qucaqla...

 

 

четверг, 16 июня 2022 г.

Sən nə gözəl məlhəmsən...


Nə payızlar töküldü, nə qədər qışlar dondu,

Hansı yaylar boğmadı məni öz bürküsündə?

Ürəyim yaz yağışı... könlünə necə doldu?

Necə saxladı məni qolların hörgüsündə?

Sən olmayan günlərin cəhənnəmdi bir adı,

Yenə gec sayılmazdı son nəfəsimdə gəlsən...

Ömrüm boyu bilməzdim cənnət varmı, hardadı,

Nə yaxşı ki, gəlmisən, nə yaxşı, göstərmisən.


Gözü qanla örtülür butün damarlarımın,

Nə varsa, səndən bilir, nə yoxsa, səndən görür.

Gülürəm, gülüşümdən boylanır sənin adın,

Ağlayıram, gözümdən nə qədər sən süzülür.


İşığın hardan düşür qaranlıq ömrüm üstə?

Yox, yuxusuz keçmir ki, gecələrim - ağarır,

Sən nə gözəl məlhəmsən, çəkirəm könlüm üstə, 

Min ildi qövr eləyən yaralarım sağalır...