Bu gün də sənə tamaşa elədim. Diksinmə, hansı şəhərdə, küçədə, kafedə, evdə olduğundan xəbərsizəm. Açığı, maraqlı da deyil. Bütün zir-zibillər elə bu maraqdan başlayır. Əvvəl 'necəsən', 'neynirsən', sonra 'hardasan', daha sonra 'kiminləsən'. Ikimiz də bilirik ki, birinci sual çox zaman elə-belə - söhbətə başlamaq üçün verilir. Və bir gün bütün söhbətlər bitir. Çünki adamlar bir-birilərini tanıdıqca özlərini də öyrənirlər nöqtə-nöqtə, bu isə təhlükəli məqamdır. Bundan sonra uzaqlaşma başlayır. Əslində, kimdənsə qaçmaq deyil bu, sadəcə, o kimsə sənin şkafında gizlətdiyin skeleti özü də bilmədən faş edib. Sən o skeletlə üz-üzə gəlməkdən qorxursan. Qarşındakı adamı da bu qorxuya görə bağışlaya bilmirsən...
Mənim şkafımda nə var? Yəqin, ağlında bu sual da hərlənir. Nahaq yerə. Mən axmaq adam deyiləm, qorxularımı da o skeletlərlə birgə basdırmışam. Xatırlamıram nə zaman. Belə alınıb. Zamanla...
Zamanla görəcəksən, amma bu heç xoşuna gəlməyəcək. Iddialı görünəcək, qeyri-səmimi təsir bağışlayacaq, qıcıq yaradacaq. Hərçənd, burada elə bir şey yoxdur. Xarakter məsələsidir, vəssalam.
Hamı sirri sevməli deyil ki. Sirrdən zəhləsi gedən adamlar da var. Hə, Qordi düyünü. Mən praktik adamam. Isgəndər kimi. Prinsipə düşməyincə. Xoşbəxtlikdən, bu az-az olur...
Indi 'necəsən' yox, 'xoşbəxtsənmi ?' sualını vermək istərdim. Yox, söhbətə başlamaq üçün yox. Sadəcə, başını tərpədib, yalandan belə olsa, gülümsəməndən ötrü. Bircə bu səhnəni izləməyin marağındayam...
Bu, yaxşı yalandır, əzizim, adamlar, heyif ki, çox zaman ona inanmaq istəmirlər.
'Darıxmışam' yazmaq istərdim. Intəhası, biz nə vaxt görüşdük ki... Amma bu gün də sənə tamaşa elədim...
yəni bu gün də səni görmədim...
1-2 noyabr 2017