четверг, 13 августа 2009 г.

Fэrhad Mete - Ailə


Mətanətə
Bir sabah ayılıb görsən ki,
hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa -
yəni göy üzü yerində günəşdi.
Sonra yadına düşsə ki, yuxunda qadın görmüşdün -
uşaq yerinə iri buğda dənəsi doğan
çılpaq qadın.
Qorxma, sığal çək sevgilinin saçlarına
Və də pıçıltı ilə “səni sevirəm” de
O da mütləq “mən də sevirəm” deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib
Yəni gördüyün kimi deyil nə varsa,
bom-boz evlərin önündəki dəniz deyil zəmidir –
həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
Sonra yadına düşsə ki, yuxundakı o qadın
qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.
Qorxma, başını əyib sevgilinin önündə diz çök
Vəyla pıçıltı ilə “mənə ümüd ver” de
O da mütləq “mənəm ümüdin” deyəcək

O sabah ayılıb görsən ki, hər şey dəyişib
Yəni gördüyün kimi deyil nə varsa,
Yəni birləşir günəşlə o sonsuz zəmi
birləşdikcə də boğulursan, nəfəsin kəsilir.
Yadına düşəcək ki, yuxuna ağlayan buğda dənəsini
qucağına alıb qaçmışdın arxana baxmadan.
Qorxma, qaldır otağın küncündəki boş
beşiyin örtüyünü
və soruş sevgilindən “içində bir şey
tərpəndimi ?” deyə
O da mütləq “tərpəndi” deyəcək.
Mütləq deyəcək...

Комментариев нет:

Отправить комментарий