воскресенье, 16 августа 2009 г.

Qismət - Ah




Fərhad gülərdi, ah, necə gülərdi... Elə bilirəm ki, indi bu dəqiqə zəng gələcək və mən telefonuma baxacam ki, ekranda yazılıb : Fərhad Mete. Götürəcəm telefonu və biz vədələşəcəyik ki, bir saatdan sonra Şirzadın kafesində görüşək. Mən ora çatanda yenə görəcəm ki, əynində bozumtul cins şalvar, ağ köynək həmişəki kimi məndən tez gəlib. Əl uzadıb üzündən öpəcəm. Sonra dağboylu dostum qıvırcıq saçlı başını aşağı əyib deyəcək ki : "müəllim nə var, nə yox ?"
Elə bilirəm, bir azdan Səlim də, Rəbiqə də, Anar Amin də, Elvin də gələcək və Fərhad o məşhur lətifəni yenidən danışacaq.
... Bir gün polis narkomanı zooparkın yanında növbəti dəfə iynə vuranda tutur.
- Yenə vurursan ?
- Yox rəis, həkim dərman yazıb.
- Gedək bu dəqiqə yoxlayarıq.
Polis narkomanı kenquru olan qəfəsin yanına gətirib deyir :
- De, görüm nədir bu? Narkoman cavab verir: Rəis, bu dovşandı, olar da 35-40 yaşı...
Biz ilk dəfə eşidəcəyik o lətifəni, güləcəyik. O da güləcək. Güləcək, ah, necə güləcək... Sonra bir də... sonra bir də ... sonra bir də... və bu sonzuluğa qədər uzanacaq. Və biz qoymayacayıq Fərhad yanımızdan getsin. Ona lətifə danışdırıb, şeir oxutdurub vaxtı uzadacağıq ki, Fərhad getməsin. Amma...
Elə bilirəm, yenə Anar Amin Fərhadla zarafatlaşıb deyəcək ki, Fərhad məndən böyük şairdi, ancaq yaşca və boyca.
Fərhad şeir yazardı, ah, necə yazardı...
Elə bil, bir saat bundan öncəydi... Bulvarda Fərhad Mete, Rəbiqə, Anar Amin, Vüsal Nuru, Elvin və mən Rəbiqənin dəftərinə adama misra olmaq şərtiylə şeir yazırdıq. Fərhad sonuncu iki misrasını orda yazdı :
" Ayçiçəyi gözümə dalğa-dalğa" və "Düşdü gözümdə yuxular yaş kimi"...
Məndə olan şeirlərinə baxıram. Ağlamaq tutur. Üzünüzü o yana tutun, siz bu yazını oxuya-oxuya mən ağlaya bilmərəm, bilmərəm...
Şeirlərindən biri belə başlayır: "Bütün acı xəbərlər gecə saatlarında gəlir"... Bir başqası belə: "Sadəcə gedişin deyil yoxluğun"... Və sonuncu tamamlayıb bizə oxuduğu şeirində təkrarlanan bu misralar varıydı: "Allah məni öldürsün"...
Fərhad, sən indi Əlini qucaqlayıb ağladığım, Anara sarılıb hönkürdüyüm, hamıya "Fərhadı itirdik" deyə mesaj yazdığım ağlasığmazlıqsan, dözülməzliksən. Dostum, gözümüzdən yaş, əlimizdən gələnlər nə qədər gəlirsə səni unutmayacayıq. Bütün gənc ədiblər məktəbi, dostların, hamımız səni çox sevirik və həmişə də sevəcəyik.
P.S. Müjdat Gəzən Kamal Sunal vəfat eləyəndə səhnədən belə demişdi : O bizim komandanın ən yaxşı oyunçusuydu. Amma hakim ona qırmızı kart göstərdi. Soyunub-geyinmə otağında görüşərik, dostum. Görüşərik, dostum...

1 комментарий:

  1. Qismət, soyunub-geyinmə otağına qələbə ilə getmək lazımdı, qələbə ilə... Bilirsən də nə deyirəm... Dostu sevindirmək üçün...
    Ağla... Bu yaxşıdı... bunun nə dərəcədə yaxşı olduğunu ağlamağı bacarmayanlardan soruş, deyəcəklər...
    Ruhu şad olsun !
    Başın(m)ız sağ olsun !
    Allah səbr versin !
    Həqiqəti Ondan başqa bilən yoxdu...

    ОтветитьУдалить