вторник, 19 декабря 2017 г.

Təsadüf




Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: “Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.
-Sabah olmaz.
-Nə?, – qeyri-iradi sual verdim.
-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən.
Başımı qaldırıb üzünə də baxmadım. Çantamı götürüb, oradan uzaqlaşmaq istədim. Üzümü ona tərəf çevirmədən əlimlə skamyanı yoxladım. Çantam yox idi. Ayağa durub, ətrafa baxdım.
-Məndədir, – dedi.
-Verin, mən getməliyəm.
Arxasında gizlədiyi çantanı çıxarıb, ilgəyini açdı. İçərisinə baxdı:
-Dodaq boyası… al qırmızı… maraqlıdır.
-Neyləyirsiz? Orada pul yoxdu.
-Hə, pulları cibində saxlayırsan?
Hirslənmişdim.
-Polis çağırım?
-Yox, onlardan xoşum gəlmir, – deyib, axtarışlarına davam elədi, – salfet, telefon kitabçası… bəlkə, içərisində tanıdığım nömrələr də var.
-Sizə nə lazımdır?
-Qadınların çantasında eşələnmək xoşuma gəlir…
Lənət şeytana. Çantamı qoyub, gedə bilərdim. Elə də elədim.
-Hara gedirsən? Belə tez məğlub olansan? Bunu başa düşməliydim.
Sözləri mənə toxundu:
-Yoxx… siz mənim haqqımda nə bilirsiz axı…
Deyəsən, elə bu sualı gözləyirdi:
-Lazım olduğundan çox şey. Məsələn, bu gün özünü öldürmək istəyirsən. Özü də heç bir ciddi səbəb olmadan. Amma iradən çatmır. Çatmayacaq da. Çatsa, bunu çoxdan edərdin. Neçə yaşın var?… Həə, qadından yaş soruşmazlar… Üstəlik, ehtiyatlısan. Çantada sənə lazım olan əsas şeydən – ülgücdən başqa hər şey var – məsələn, istifadə etmədiyin dodaq boyası. Boş telefon kitabçası…
-Bunların sizə nə dəxli?
-Necə yəni nə dəxli? Dünyada tanımadığın qadını öyrənməkdən maraqlı nə ola bilər?..
-öyrənə bilməmək…
Çantamı onun əllərindən qopardım. O, gülümsədi:
-Mübarizliyin də varmış. Ölmək üçün tez deyil?
Onu dinləməyib uzaqlaşdım. Avtobus dayanacağına tərəf getdim. Özüm də bilmirəm niyə… Hara gedəcəkdim?
Arxamca gəlirdi. Tələsmirdi. Düz yanıma çatanadək gözlədim. Və soruşdum:
-Məndən nə istəyirsiz axı?
O, yenə məni özümdən çıxaran təbəssümlə gülümsədi:
-Bilmirsən? Yəni, heç ağlına gəlmir?
-Yox.
-Məni Allah göndərib. Səni xilas etmək üçün…
-Bunu necə edəcəksiniz?
-Birinci işim sənə evlənmək təklif etmək olacaq.
Gülüşümü saxlaya bilmədim. Çoxdandır, belə gülmürdüm. Başımı qaldırıb, ilk dəfə ona nəzər saldım. Nə çirkin idi, nə yaraşıqlı. Adi adam idi. 35-40 yaşlarında heç nə ilə diqqəti çəkməyən adi kişi…
-Mən nə cavab verməliyəm? Cəhənnəm ol?
-Yox, razılaşmalısan.
-Niyə?
-Çünki səni gülməyə vadar edə bildim. İndi bunu hər adam bacarmazdı.
-Yaxşı. Onda gedək.
-Hara? Axı indi VVAQ şöbəsi bağlıdır.
Gülümsədim:
-Gedək, ərizəni hazırlayaq.
Bayırda möhkəm yağış başlamışdı. Amma buna qədər biz –iki yad adam qarşımıza çıxan ilk kafeyə girib, çay sifariş etmişdik. Mənim sevdiyim kimi, masada limon və çiyələk mürəbbəsi vardı.
O, bloknot və kağız istədi, verdim. Yazmağa başladı… Mənə elə gəldi ki, şeir yazır. Az qala yalvaracaqdım ki, lazım deyil, özüm sənə nə qədər desən, şeir yazaram, amma bircə sən eləmə. Amma demədim, fikirləşdim ki, onsuz da, bir saat sonra başqa bir parkda yenə damarlarımı saya bilərəm və üstəlik, bu dəfə daha ağıllı tərpənib, dükandan ülgüc alacağam…
Onun sakit səsi məni fikirlərimdən ayırdı:
-Belə… ərizə hazırdır…
Gözüm mətndə hərf səhvlərini axtardı. Yox idi. Bircə yerdə, nöqtələr vardı – orada mənim adım olmalıydı.
O, bloknotdan oxumağa başladı.
-Mən, Hafiz Məmmədov, bu gün …….. ilə tanış olmuşam və onunla evlənməyə qərar vermişəm. Ümid edirəm ki, xanım subaydı və bizim evlənməyimizə heç nə əngəl olmayacaq. Siz də bizim bir ay gözləməyəmizə ehtiyac görməyəcəksiniz, çünki xanım depressiyadadı, hər an intihar barədə düşünə bilər. İnanıram ki, onu ölümdən xilas etmək kimi ülvi bir məqsəd sizin tərəfinizdən laqeydliklə qarşılanmayacaq. Xanıma gəlincə, o da son şans kimi mənim təklifimdən yararlanmaq niyyətindədir və düşünür ki, onun tərəfindən hər hansı peşmançılıq olacağı təqdirdə, özünün köhnə planını reallaşdıra bilər…. Qalır tarix və imza…
O susdu, nüfuzedici nəzərlərlə üzümə baxdı. Gülümsədim:
-Adım Gülnardır. Hüseynova.
-Bilirəm. Şəxsiyyət vəsiqən məndədir, bayaq çantandan çıxarmışam.
-Bəs, niyə adımı ərizəyə yazmamısan?
-Əvvəlcə, sənin öz dilindən razılıq almaq istədim…
Sonra o, yavaş-yavaş mənim həyat tarixçəmi danışmağa başladı. Özündən uydururdu, amma detallara qədər hər şey üst-üstə düşürdü. Mən təfərrüatları əlavə edirdim. Və ikimiz də gülümsəyirdik…
-İşin böyük bir hissəsi hazırdır. Sən artıq mənə aşiqsən, – dedi qəfildən.
-Bəs, sən?
-Mən hələ yox. Amma yalvarıram, köhnə eşqlərini xatırlatma. Çox qısqancam.
- …
Anlaşdıq. Bir ay onun evində, bir ay mənim evimdə yaşayacaqdıq. Bal ayını kənddə keçirəcəkdik. Çayımızı içib qalxdıq.
Yağış kəsmişdi. Mənə elə gəlirdi ki, bu yuxudu… Məni evədək ötürdü. Söz verdim ki, onunla evləməmiş ölməyəcəyəm…
Başımı qaldırdım. Skamyada yanımda oturan kişiyə nəzər saldım. Məni görmürdü də… Dodağının altında nəsə təkrar edirdi. “Sabah yox”, sabah olmaz”, – deyə pıçıldayırdı. Ona “sabah olmaz”, – dedim. Təəccüblə üzümə baxdı:
-Nəsə dediniz?
-Dedim ki, sabah olmaz. Elə bu gün də. Yağış yağacaq deyəsən… Gedək sizə maraqlı bir hekayə danışacam…

2008

понедельник, 18 декабря 2017 г.

Portağal şirəsi

(Markes'ə)


-  Niyə, portağalın qoxusu onun özündən “dadlıdır” axı?
- Bu səni ona görə narahat edir ki, qoxuya toxunmaq olmur. Ona nüfuz etmək mümkün deyil. Sən o qoxuya dayana bilmirsən, dəli olursan, elə bilirsən ki, meyvəni yeyən kimi sakit olacaq ürəyin. Amma gözlədiyin effekt alınmır.
-        Bəs rəngi?
-        Rəngi? Bu sənin üçün az əhəmiyyətlidir, sadəcə, ovqata hesablanıb, bir də gözlərin rahatlığına.
-        Sənin cavabını bilmədiyin sual var? Sən bunları hardan bilirsən?

-        Bilmirəm... Görürsən, bilmədiyim cavab da var...


Qapalı bir məkandayıq. Kafenin sarı işıqları onun üzünə düşür. Sarışındır? Deyəsən. Üzbəüz oturub. Kostyumda, köynəkdə. Elə bizimkilər kimi. Bura necə gəldiyimizi, necə tanış olduğumuzu xatırlamıram. Bəs o?.. Ah, nədir bu portağal qoxusu?



-        Niyə narahatsan?, – soruşur.
-        Heç, portağal ətri gəldi...
-        Məni sevirsən?
-        Düzünü deyim? Hə.
-        İstəyirsən getməyim, hə?..
-        Həm də necə... Ofisiantı çağır, portağal şirəsi gətirsin.



O, elə bil, ikinci cümləmi eşitmir. Demirəm ki, portağal mənim üçün Yeni il nağılıdı, sevincdi, uşaq üçün oyuncaq nədirsə, odur, xoş-əhval ruhiyyədir. Demirəm, amma o bilir. Mənə elə gəlir, mən nə hiss edirəmsə o bilir. Bilir nəyi sevirəm, nəyi sevmirəm.


Mənsə baxıram, istəyirəm yalvaram ki, məni də apar. Sizin qaydaları qəbul edərəm, sizin qadınlar kimi geyinərəm, onlar kimi olaram. Dayan, bəlkə, onu öz dünyasında gözləyən qadın var...



Zəngi onun yerinə mən vururam, görünür, o unudub. Gələn olmur. Bizi tək qoyublar. Biz bu böyük dünyada ikimizik. O və mən. Amma dayan, dünya hanı? Pəncərələr bağlıdır, çöldə küləkmi əsir, günəşmi çıxıb, yaydırmı, qışdırmı, gecədirmi, gündüzdürmü? Bəlkə, qapının o tərəfində dünya yoxdu? Bəlkə, bütün dünya elə bu kafedən ibarətdir?
Deyir:



-        Mən qayıdacam, amma bilmirəm, qayıtsam, sən məni xatırlayacaqsanmı?
-        Niyə xatırlamayım ki?
-        Mən başqa cismdə qayıdacam, hər maskanı cəmi bir dəfə geyinmək olur.
-        Bəs getməsən?

-        Getməsəm, olmaz. Mən söz vermişəm.


O necə gedəcək? Haradan? Durduğu yerdə qeyb ola bilməz axı. Amma hara? Gedim o çıxışda yanğın törədim, o qapıda bəndə dönüm, o pəncərəni çilik-çilik eləyim, o təyyarənin benzinini boşaldım, o gəminin altını deşim, o maşının təkərinə iynə batırım...



Baxışlarımdan narahat olur. Masanın üstündəki ağ rəngdə qədəhlərdən birini götürür, mineral sudan bir qurtum alır. Mən soruşuram:



-        Sənin dünyanda bütün insanlar belə yaxşıdırlar?



Cavab vermir. Susur. Təkrar sual verirəm. Dəxli olmayan cavab verir. Səsi ilk dəfə titrəyir:



-        Sən yaxşısan. Sən hamıdan yaxşısan... Sən başa düşürsən. Səni başa düşürəm...
-        Öz dünyanda belə deyil?
-        Onlar qəşəngdirlər, amma  danışmaqdan qorxurlar.
-        Niyə?
-        Elə bilirlər, danışanda tilsim qaçır. Maraq dayanır.
-        Bəs sən?
-        Mən danışmaya bilmirəm... Mən qulaq asmaya bilmirəm.
-        Bəs kişilər?
-        Onlar da susur...
-        Bizdəkilər isə susa bilmirlər.
-        Bu yaxşıdı ki.
-        Amma onların danışmağa da sözləri yoxdu...

O, kədərlə gülümsəyir.

-        Bəlkə, hər şey bu kafedə belədir, - deyirəm, - bəlkə, bu yuxudur, bəlkə, mən dəliyəm?
-        Yox.
-        Bəs sən necə gəldin?
-        Sən çağırdın məni. Gəlməyə bilməzdim. Gəldim göstərim ki, sevgi var. Sən bundan sonra da sevə bilərsən.
-        Yox, getmə. Başqa heç kəsi istəmirəm, sən bəsimsən...
-        Yaxın gəl, vaxt azdır, bir az da çox qalsam, heç getmək istəməyəcəm, buna görə sənə də cəza verəcəklər.
-        Vecimə deyil. Lap öldürsünlər.
-        Mən dedim axı, söz vermişəm. Mən sözümə sadiq olmasam, sevərsən məni?
-        Bilmirəm, bəlkə də, sevərəm, amma bu məni incidər.
-        O zaman üzümdən öp və mən gedim.
-        İlahi, sənin dərin...

Sözümü deməyə imkan tapmıram. Ofisiant qapını açır. Portağal şirəsini masanın üstünə qoyur. 

- Niyə bir şirə?
- İki nəfərsiz?


Üzümü qarşı tərəfə çevirirəm, o yoxdur... Masanın üstündə kağızda yazılıb: "Unutma, sən hər dəfə portağal qoxusu duyanda yanında olacam"...