четверг, 15 октября 2009 г.

Əli Əlioğluna


Bilirsən, bayaq nə düşünürdüm? Nədənsə, Qız qalasına qalxanda heç özümü oradan atmağı düşünməmişəm. Halbuki intihar bütün yaş dövrlərində ən çox düşündüyüm mövzulardan biri olub...

Bəlkə, ona görə ki, sadəcə, ora qalxanda əhvalım yaxşı olub, əks təqdirdə o pilləkənləri çıxmağa səbrim də çatmazdı. Bəlkə, ona görə ki, yüksəklik hissini sevirəm və ordan düşmək – ora bir də qalxa bilməmək deməkdi... Ya da ən düzü, mən o cəsarətin yiyəsi deyiləm... hələ bu dünyada görmədiyim nə qədər film, dinləmədiyim nə qədər musiqi, yaşamadığım nə qədər şey və dadmağım nə qədər yemək varkən... bunu yarızarafatla yazdım, məktubumun bir az kədərli ritmini yumşaltsın deyə...

Dost, həmişə səninlə görüşməyi istəsəm də, nəyə görəsə, səninlə görüşdə tamam başqa məsələlərdən danışıram. Daha çox sənin zarafatlarına etiraz edirəm, danlayıram səni. Əslində, bu danlaqların böyük əksəriyyəti özümə yönəlib. Ağıllı olmaq yaşla bağlı məsələ deyil ki... Biz heç vaxt istədiyimiz qədər ağıllı olmayacağıq... sən bunu bilirsən, sən bununla barışmamısan... mən bunu bilirəm, mən bununla, deyəsən, barışmışam...

Bir az əvvəl fikirləşdim ki, bəsdi, hər şeyi dəyişəcəm həyatımda, məsələn, Qismətdən, səndən, Sabutaydan və s. gələn zənglərə cavab verməyəcəm (yox, heç kəsdən küsməmişəm, sadəcə, yorur məni bütün bunlar – belə görüşlərdən sonra heç vaxt dəyişə bilməyəcəyimi daha yaxşı anlayıram, mənə elə gəlir, bezginliyimlə hamınızı bezdirirəm, elə bilirəm Qismət gülümsəməkdən, Sabutay zarafatlaşmaqdan bezib, Samir pilləkənlərlə mənim enməyimi görməkdən bezib - elə bilirəm məcburən axtarırıq bir-briimizi – bir-birimizi axtarmaq istəmədən – elə bil ki başqa seçimimiz yoxdur kimi). Və birinci Zərdüşt zəng edir – fikirlərimi dağıdır və mən çoxdankı vərdişlə telefonu qulağıma yaxınlaşdırıram. Tamaşaya gələcəyimi söz verirəm və üstəlik əlavə edirəm – bir bilet də artıq götür – Aynur üçün...

Sonra işə gəldiyim yol boyunca əvvəlki fikirlərə qayıdıram. Düşünürəm ki (özümü aldadıram), Nahidin toyundan sonra yaxın qrafikdə heç nə yoxdur və planlarımı (əslində, plansızlığımı) həyata keçirəcəm... Sonra yadıma düşür ki, Salamla görüş olmalıdır və yenə özümü aldatmaq istəyirəm ki, çoxdandır Salamı görmürəm və yepyeni və maraqlı təəssüratlar yaradacaq bu görüş məndə...

Bəlkə, Qız qalasına qalxmaq lazımdı, əvvəl əhval ruhiyyəni dəyişmək – müsbətə doğru, sonra dərindən nəfəs alıb, dar, naqolay və yorucu pillələri qalxmalı olduğumuzu düşünərək səbrli olmaq və yola çıxmaq – düz zirvəyə. Bilirsən niyə? Oradan Bakı başqa cür görünür... başqa cür....

2 комментария:

  1. Xoş gördük, Rəbiqə xanım. Nahaq buranı "müvəqqəti" adlandırırsınız. Əksinə, məncə, burada hər şey yaxşıdır və heç bir problem yoxdur...
    Uğurlar olsun!

    ОтветитьУдалить
  2. salam Məsiağa bəy... xoş gördük...
    mən müvəqqəti mənzil deyəndə buranın mənim üçün yararsız ola biləcəyini nəzərdə tutmurdum, öüzümün qeyri-sabit xaraketimə işarə edirdim...
    hərdən hər yerdən qaçmaq istəyirsən...

    ОтветитьУдалить