четверг, 2 ноября 2017 г.

k. üçün birinci məktub


Bəlkə də, dünyada ən yaxşı bacardığım iş diqqət çəkməkdir. Insan psixologiyasını yaxşı bilirəm (ilk mərhələdə bütün trüklər əla işləyir, üç-dörd ay maraqlı görünmək xoşuma gəlir, sonra bəzəksiz-düzəksiz, yəni olduğum kimi olmaq istəyirəm, bu ayrı, uzun və kədərli mövzudur, növbəti məktublarda istəsən, danışarıq, hərçənd, bu barədə söhbət açmaq istəməzdim), bədii dil mənim üçün plastilin kimidir, onu istədiyim şəklə sala bilirəm, məntiqimə isə müəllimlərim də çox zaman həsəd aparıb və sair və ilaxır. Yəni indi oturub, üç-beş dəqiqəyə sənə məktub yazmağa nə var. Amma istəmirəm. Bilirsən... əslində, niyəsə mənə elə gəlir, bunu səndən yaxşı heç kəs bilmir. Heç kəs bilmir ki, adam həmişə ən yaxşı bacardığı işlərdən yorulur. Niyəsini də bilirsən. Yeni zirvə axtarışı, nə bilim, bacarıqla imkanların uzlaşmaması, rahatlıqla istedadın bir-birini qəbul etməməsi... Bu da uzun söhbətdir.

Ağıllı görünməkdən zəhləm gedir, ağılsız görünmək də istəmirəm. Istəmək. Gözəl feldir (əcaba, son qaydalara görə, bu sözü düzmü yazdım?). Bəzən adam arzulara sarı getmir, bəzən arzunun özü də olmur. Çünki sevinclərin ömrü çox qısadır. Gözləmək daha gözəldir. Mən arzularımdan birdəfəlik qab kimi istifadə eləmək istəmirəm. Ən pisi nədir? Biz azərbaycanlılar birdəfəlik qablardan yararlanandan sonra onları yuyub quruduruq. Guya qənaətkarıq. Bax arzularla da bəzən belə olur. Onların ömrünü zorla uzatmaq istəyirsən. Elə bil xəstəni süni nəfəs aparatına qoşmusan...

Amma bir arzum var. Mənə bir sətir yazarsan. Hə, heç kəsdən istəmədiyim şeydir bu. Yəni adətən məktublarımı cavab almaq üçün yazmıram. Cavablar maraqsızdır. Çünki onları həmişə əzbərdən bilmişəm. Indi bilmirəm. Etiraf edirəm, bilmirəm. Və ona görə də ilk dəfədir, cümlələr arasında keçidlərim uğursuz alınır. Keçidlərdən zəhləm gedir, xüsusən yeraltı keçidlərdən. Xüsusən eskalator yoxdursa... Hə, maşın yolunun düz ortasındayam. Sözlər yolu keçməyimə imkan vermir.

Sənin işıqforunda hansı işıq yanır?


Yazılma tarixi: oktyabr 2017

Комментариев нет:

Отправить комментарий