Sənə şirin bir konfet göstərirlər, yaxınlaşıb götürürsən, bəlkə, kağızını da açırsan, lap elə çevik təprənib onun dadına da baxırsan, amma bu daddan hələ doymamış baxırsan ki, əlində yalnız boş konfet kağızı qalıb. Xışldayan kağızdakı şirə qalığı əllərini çirkləndirir, bükürsən və zibil qabına tullayırsan…
“Bəzən belə olur” yazmaq istədim, amma yazmadım. Düşündüm. Bəlkə, roman kimi yaşaya bilməməyimizin səbəbi elə bizim özümüzdədir? Bəlkə, heç bu barədə düşünmək lazım deyil, başını aşağı salıb sakitcə yazmaq lazımdır? Bəlkə, biz ona görə roman yaşamaq istəyirik ki, roman yaza bilmirik? Bəlkə, “roman yaşamaq roman yazmaqdan daha yaxşıdır” aqressiyasının altında istədiyin kimi yaşaya bilməmək yox, əslində, istədiyin kimi yaza bilməmək dayanır, hə? Köşə yazısını roman kimi sırımağı bacarardıq, amma bu yalan kimə və nəyə lazımdır axı?
Tutalım, roman yazmaq çətin məsələdir. Bəs roman yaşamaq niyə çətin olmalıdır axı? Əslində, biz hamımız öz romanımızın qəhrəmanıyıq, müxtəlif zaman kəsiyində başqa qəhrəmanlar gəlir və gedir, hər şey dəyişir, bəzən hətta alt-üst olur, sənin özündən başqa. Bəzən hər şey o qədər çətin gəlir ki, özünü də məhv etmək istəyirsən. ”Olummu, ölümmü?” düşünürsən, amma nəyini düşünəsən ki? Bu vaxtadək olumu seçmisən, təkcə ona görə yox ki, ölümdən qorxmusan və ya həyatı daha çox sevmisən. Həm də ona görə ki, az-şox yaradıcı təbiəti olan adamlar kimi içində bir manyaklıq var...Özü də bir dəfəyə ölümü - intiharı yox, daha gec, asta ölümü - məsələn, stressləri, şərab şüşələrini, qarşıqlıqsız sevgiləri - qəsdən ən uyğunsuz vaxtda ən uyğunsuz adamları, hadisələri, qərarları seçirsən. Nəyin acığını çıxıran görəsən özündən? Amma bəzi adamların içində barometr olur və özünüməhv arzusu da bu barometrə dəyib dağılır, hər dəfə o əfsanəvi Simurq quşu kimi külündən yaranırsan, əvvəlkindən daha bərk yapışırsan həyata. Mən həmişə belə olmuşam, bundan sonra da belə olacam, Yeganə...
Hərdən içimdə hər kəsdən, xüsusən də misralardan və sətirlərdən gizləmək istədiyim, ən çox bədiiləşdirməkdən qorxduğum qəzəbin qaynaqlarını axtarıram, tapmıram…
Nə zamansa Peyğəmbərimizin it leşində belə gözəllik axtarmasını gözlərim dolaraq oxumuşdum. Amma həyatımın sonrakı mərhələrində unutdum ki, mən artıq yalnız leşlərdə gözəllik axtarıram. Səhv olanda da elə bu idi...
Uzun illər mənə elə gəlirdi ki, Cırtdan ona görə Divə rast gəlir ki, it hürən tərəfə getməkdən imtina edir, işıq gələn tərəfi seçir... Nə idi məndə bu açıq-aşkar görünən işığı iqnor edib, qaranlıqda nur damcısı axtarmaq ehtirası? Heç nədən, bəlkə də, təkəbbürdən. Bəlkə də, adamlara mən “sizdən daha yaxşıyam”, “sizin görmədiyinizi, görmək istəmədiyinizi görürəm”, “məndə şəfqət hissi daha çoxdur” çağırışı idi bu? Bilmirəm, bəlkə də, Nazim Hikmətin “almanı sevmək üçün onun da səni sevməsi şərtmi” sualı bir az inandırmışdı məni “haqq yolunda olduğuma”. Amma indi mən bu sualın cavabını bilirəm: bəli, şərt! Almanı bilmirəm, amma adamı sevmək üçün onun da səni sevməsi şərt! Yoxsa, ürəyində tanıyıb-bilmədiyin O dəliyi açılacaq, ikinci biletin gəlmək bilməyən sahibini axtaracaqsan foyelərdə. Bəlkə də, Onun addım səslərini eşidəcəksən, amma ona doğru qollarını açıb qaçmağa hazırlaşma. Bircə soruşma ki niyə. Ona görə ki, sən qaçdıqca o da qaçacaq – amma əks istiqamətə. Biz hamımız beləyik. Mən də, Sən də, O da...
Demə ki, qaçmasan, olmaz. Demə ki, roman yaşamağa tələsirsən. Vaxt ömürdən gedir. Nə yaşa baxır, nə də yazdıqlarına. Sual vermə ki, “roman yaşamaqmı, yazmaqmı?”. Həm yaşa, həm də yaz. Yaşadığını yaz, yazdığını yaşa.
Amma ölənlərlə deyil, yaşayanlarla yaşa! Öldürənlərlə deyil, yaşadanlarla yaşa!
Yaşa – bacarsan, yazmadan yaşa...
Bacarsan, yaşadığını yaz...
noyabr 2011
Комментариев нет:
Отправить комментарий