понедельник, 16 ноября 2009 г.

Günəş heç vaxt yanıb qurtarmır -

yəqin, işıq içərini yox, çölü yandırmaq üçündü.
Ölülərin gözlərində həyat sönmür –
onlar qaranlığı görmürlər...
Mənfi ya müsbət eynəkləri torpağa gömmürlər, dostum...


Qara yaylıqların ömrü 40 gündü –
bu daha çox dirilər üçündü –
səni yaslı bilsinlər deyə.
Çiçəklər sənin könlünü xoş etmək üçün deyil,
bəlkə, onların ömrünün burda solması daha önəmli təsəllidir...
Burada hər şey nəmlidir, dostum – hava kimi...

Yaxşı ki göz yaşının ömrü - gözlər quruyana qədərdi,
yoxsa heç nəyi saxlamaq olmazdı,
qəbirlər də axıb gedərdi.
Yaxşı ki, qəbir daşları dammır,
öləndən sonra kişilərin də qəlbi yumşalmır göz yaşlarından...

Torpaq cərəyanı çəkir, keçirmir -
dirilərin nə çəkdiyini ölülər bilmir,
burda sənin anlamadığın dildə danışan mollanın səsi də,
sonadək çəkilməyən siqaretin tüstüsü də kədərli deyil...
anlamsızdır...
burda zamanın özü də halsızdır –
əllərindən tutub aparacaq adamı gözləyir...
və sözlər heç nə demir –
daha çox susmaq istəyir burda, dostum...
gömülür səssizliyə -
bəlkə,onları eşidərsən deyə...

Комментариев нет:

Отправить комментарий