вторник, 10 ноября 2009 г.

Qorxu və günah (II hissə)

Uşaqlığıma niyə bu qədər önəm verdiyimi anlamıram. Həyatımda baş verən hər bir şeyin köklərini orada axtarmağa başlamağım nədir əslində? Taleyin əlində insanın çox balaca olduğunu bilməyimdənmidir (çıxılmazlıqdanmı), yoxsa doğrudan da, səhvlərimizin və uğurlarımızın açarı oradadır? Bilmirəm.


Bu gün mənim doğum günümdür... deyirlər, adamlar bu gün başqa olurlar. Daha kövrək, daha həssas... mənsə...

Anlamaq istəyirəm – sevgi və diqqətin nümayişinə niyə bu dərəcədə allergik yanaşıram? Yoxsa, ürəyimin dərinliyində buna layiq olmadığımı düşünürəm? Axı niyə?..

Niyə bunun nə qədər xoş olduğunu söyləmək əvəzinə daim aqressiv mövqe sərgiləyirəm, düşünürəm ki, bu diqqət və sevginin ömrü cəmi bir neçə saniyədən artıq olmayacaq. Kiminsə mənim üçün özünü qatarın altına atmasınımı gözləyirəm? Sonra ardından bir ömür boyu ağlamaq üçünmü?..

Niyə ən çox bəyənilən mətnlərim barədə ən çox yazmağa tərəddüd etdiklərimdir? Onları yazmağa başlayanda dostlar yanımda olursa, mətn xilas olur – məni inandırırlar ki, davam et, alınır. Bu kənardan təsdiq olmasa, onların “delit” və ya yazılmamaq təhlükəsi böyükdür. Mən indi anlayıram niyə çoxdandı yazmıram. Yazanda yanımda heç kəs olmur)))...

Bu günədək bu xüsusiyyətimi anlamamışdım. Biz yəqin ki, ölənədək özümüzü kəşf etməyə çalışacağıq və heç vaxt da özümüzə təəccübləməkdən yorulmayacağıq...

----

Atamı daha çox sevirdim uşaqlıqda. Mənim idealım və xilaskarımdı. Anamı sevməzdim, daha çox qorxardım ondan – heç vaxt məni sevdiyini göstərməzdi. Onun favoritləri qardaşlarımdı düşünərdim niyəsə. Bəlkə də, haqsızdım...

Bir dəfə uşaqlardan hansınınsa, bəlkə elə mənim ad günümdü, ya bayramdı, xırda, sıradan səbəb üzündən evdə söz-söhbət oldu (harada olmur ki). Anam ağladı, sonra da plaşını geyib, qapıdan çıxdı. Heç nə deməsə də, bilirdim xalamgilə gedir. Xalamgilə tez-tez gedərdik. Çox zaman şənbə və bazarı da orada qalardıq. Mən bu vizitləri heç sevməzdim. Xalam uşaqları ilə bizi ciddi yaş fərqi ayırırdı. Amma mən ilk dəfə nə üçünsə anamın bu cür getməsini istəmədim, indi ifadə edə bilməyəcəyim ağrı və qorxu vardı içimdə, mən ilk dəfə idi anamla getməyi seçdim – könüllü. Hətta səhərsi evdə darıxmayaq deyə atamın bizi şəhərə gəzməyə, sonra da “Ana və uşaq” kafesində yeməyə aparacağını bilsəm də. Gödəkçəmi götürüb pilləkənlərə atıldım...

Sonralar – bir az böyüyəndən sonra xalamgilə könüllü gedirdim – orada sirli kitab rəfləri vardı və xalamqızı məni rəhmətlik atasından qalan kitablara yaxın düşməyə qoymurdu. Bəzi kitabları gizlicə oğurlayıb çantama qoyduğum yadımdadır, mənə dəfələrlə qadağan olunan “Min bir gecə”ni də, yeniyetməlik çağlarında ayaqyoludaca qorxu dolu həyəcanla oxuduğum “Payıza qədər”i də xatırlayıram.

Nə üçünsə uşaqlıqla bağlı hər şey məni kövrəldir. Kimə və nəyə çevrildiyimi düşünürəm. Uşaqlığımı harada və nə zaman itirdiyimi. Içimdəki qəzəb qığılcılmlarının nə üçün yarandığını... xoşbəxtlik uğrunda mənasız və əbəs qaçışların yaxşı heç yana çıxarmadığını...
---

Müstəlliyin ilk illərində uzun zaman Məmməd Əmin Rəsulzadəni qınadım və anlamadım. “Bir kərə yüksələn bayraq” fikrinə görə. Necə yeni enmir soruşurdum özümdən, faktiki olaraq, bu bayrağı endirmişdilər. Çox sonralar başa düşdüm – məsələ bayrağın enib-qalxmasında deyil, daha dərindədir: bayraq – simvoldur. Söhbət ideyadan gedirdi – bayrağın özündən daha çox, onu qaldırmaq istəyənlərin həmişə tapılacağından.

Allah sənə rəhmət eləsin, Məmməd Əmin...

***

Mən ateist ruhda böyüdüm. Çünki atam bu cür idi. Onun hər dediyini təkzibedilməz dəlil kimi qəbul etməyə öyrənmişdim – çünki o zaman mənim aləmimdə ədəbiyyatı və tarixi onun qədər bilən yoxdu. Bir dəfə gec idi, atamla haradansa qayıdırdıq avtobusda, o ayaq üstə dayanmışdı, çox hündür görünürdü və avtobusun işıqlandırdığı yola baxa-baxa fikirləşdim ki, dünyada ondan hündür və ondan güclü heç kəs yoxdur. Hündür və güclü adam səhv edə bilməzdi mənim məntiqimlə... Gülümsəyirsiz? Elə mən də...

Aramızdakı boy fərqi azaldıqca məni bir sıra suallar narahat etməyə başlayırdı və mən cavabını heç cür anlaya bilmədiyim, atamın diktəsini inkar edən hər cür sualdan qaçmağa başlayırdım. Qaçdıqca da üzərimə daha bərk gəlirdilər...

***
Üçüncü sinifdə oxuyurdum, 7-8 yaşım vardı (məktəbə 5 yaş yarımdan getmişəm). Müəlliməmiz (indi haqq dünyasındadır) dərslərin birində bizə Allahdan, daha doğrusu, onun olmamasından danışdı. Və qardaşlarımı bağçadan götürməyə gedəndə uşaq ağlımla onlara bu barədə söz açdım. O zaman da bildiklərimi bölüşməyi sevirdim.

Indiki kimi yadımdadır, arxamızca başı yaylıqlı bir qadın gəlirdi, birdən sözümü kəsib, “ay bala, onu sənə kim deyib ki, Allah yoxdu?” soruşdu və sonra da "günaha batma, bala" dedi. Ya o həddən artıq inamlı danışırdı, ya da mən böyüklərə şəksiz inanırdım – sonuncu eşitdiyim söz onunkuydu. Asta səslə uşaqlara: “Allah var, amma sizdən kimsə soruşsa, yoxdu deyin” söylədim, sonra da tez əlavə etdim: “müəlliməmiz belə deyib”.

Mənə elə gəlirdi ki, müəllimlər səhv eləmirlər. Qardaşlarım heç nə başa düşməmişdilər, heç özüm də. Amma mən artıq onlara riyakarlıq öyrətməyə başlayırdım...

---
Böyüdükcə din mövzusunda tərəddüdlərim də böyüyürdü və atamın idealı yavaş-yavaş dağılırdı. Bir gün öz aləmimdə bu suallar üçün “şans” tanıdım. Ölkədə müharibə gedirdi və mən “əgər Şuşa əldən getməyəcəksə...” deyə fikirləşdim. Bu, çobanyastığı ləçəklərində açılan “sevir-sevmir” falına bənzəyirdi. Şuşa getdi və mən içərimdə cücərən iman işığının birdəfəlik məhv olduğunu sandım. Sanki bunu yaşadıb-yaşatmamaq öz əlimdəymiş kimi... Anlamırdım – qəlbinə bir kərə qığılcım düşdümü, o bir gün mütləq alovlanacaq. Mütləq...

---

Bir şeyi də özümə bağışlaya bilmirəm. Bayaq haqqında danışdığım müəllimənin günahını illər sonra onun qızının üzünə vurmuşdum hamının içində. Cavabında qız günahkarcasına: “Sizə elə deyəndən sonra anam evdə tövbə edirdi, namaz qılırdı” demişdi. Qızın heç bir günahı yoxdu əslində...

Комментариев нет:

Отправить комментарий