Həmişə tamaşaya çıxarılmayan ağrıları sevmişəm, "qışqırmayan"ları, səsi çıxmayanları. Sənin bütün ağrıların susurdu. Yalnız söz örtüyünun altında gizlətdiyin hər şeyi görürdüm, bütün capıq izləri, yanıq yerləri, zədələr, cızıqlar. Çox idi. Lap çox. Bəziləri tanış idi, bəzilərini tanımırdım. Amma hamısı doğma idi, hamısı səndən xəbərsiz nəvaziş istəyirdi, hamısı çağırırdı, bizi gör, bizimlə danış, bizi sev. Ağrıları heç kəs sevmir. Zədəli adamlar uzaqdan maraqlıdırlar. Yaxınlaşanda o zədənin heç vaxt unudulmayan, heç vaxt unudulmayacaq ağrısından sənə də pay düşür, sən də zədələnirsən, yaralanırsan.
("Yara" elə "yar" sözündəndir, "yara"da yar var, yarmaq var. Bunu əslində hamı bilir, amma istəmir, lənət şeytana)ə
Sənin ağrılarını sevirəm. Arada pıçıldaşırıq. Sənin haqqında yalnız xoş sözlər deyirlər. Onlar da səni sevir. Heç fərqində deyilsənmiş. Sevilmək istəyirlər, amma ara-sıra inamsızlıqları baş qaldırır. Özlüklərində düşünürlər ki, ağrı kimin nəyinə lazımdır axı? O, əsərdə maraqlıdır. Uzaqdan. Başqasında. İnandırmağa gücüm çatmır. İnciyirəm, sonra da anlamağa çalışıram. Onları sevmək lazımdı. Həmişə. Onlar bu sevgiyə inanmayanda da...
Sən mənim heç vaxt çığırmayacağım, səssiz-səmirsiz ağrımsan...
Комментариев нет:
Отправить комментарий