суббота, 3 ноября 2018 г.
Tamaşa
"Yarım dəqiqədən də az vaxtın var". Siqnalı hiss edən kimi irəli atıldım. Düz birinci sıraya. Tərəf müqabilimi tapdım. İşin yarısı görülmüş sayılırdı. Sözlərdən istifadə eləmək olmazdı, həm də vaxt itkisiydi. Düsünməyə belə zaman yox idi. Mənə heç bir mətn verilməmişdi. Hər şey öz ixtiyarıma buraxılmışdı. Sərbəstdim...
Cəsarət üçün az qala birnəfəsə başıma çəkdiyim içkidən, ya həyəcandan səndələyirdim. Qaranlıqdaca yıxılmamaq üçün əlimi qırmızı üzlü oturacağın söykənəcəyinə uzatdım. O, yerindən tərpənmədən başını geri söykədi. Əllərim saçlarına dəydi. Əslində, kifayət idi. Saniyələr uçurdu. Tamaşada mənə ayrılacaq kiçik rolu məharətlə oynamışdım. Yerimə qayıda bilərdim. Bu zaman tərəf-müqabilim jest elədi - başını bir az da geri çəkdi. Saçları ovucumun içərisindəydi. Onları oxşamamaq yaxşı çıxmazdı. Əlbəttə, yarım dəqiqənin kuliminasiya nöqtəsi elə bu məqam idi. Mənim nəzərdə tutmadığım bu məqam. Barmaqlarımı açdım, sonuncu saniyədəcə ovucumu açıb onları yüngülcə sağa-sola apararaq sığalladım.
Vaxt bitdi.
Həyatım boyunca heç bir səhnəni bu dərəcədə fövqəladə oynamamışdım. Hiss olunmadan, yüngülcə hamıya təzim elədim. İçərimdə qəribə bir sevinc vardı. Həm də məyusdum.
Epizodik səhnələrin ən şahanəsini heç kəs görməmişdi...
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий