пятница, 3 ноября 2017 г.

k. üçün ikinci məktub















Bu gün də sənə tamaşa elədim. Diksinmə, hansı şəhərdə, küçədə, kafedə, evdə olduğundan xəbərsizəm. Açığı, maraqlı da deyil. Bütün zir-zibillər elə bu maraqdan başlayır. Əvvəl 'necəsən', 'neynirsən', sonra 'hardasan', daha sonra 'kiminləsən'. Ikimiz də bilirik ki, birinci sual çox zaman elə-belə - söhbətə başlamaq üçün verilir. Və bir gün bütün söhbətlər bitir. Çünki adamlar bir-birilərini tanıdıqca özlərini də öyrənirlər nöqtə-nöqtə, bu isə təhlükəli məqamdır. Bundan sonra uzaqlaşma başlayır. Əslində, kimdənsə qaçmaq deyil bu, sadəcə, o kimsə sənin şkafında gizlətdiyin skeleti özü də bilmədən faş edib. Sən o skeletlə üz-üzə gəlməkdən qorxursan. Qarşındakı adamı da bu qorxuya görə bağışlaya bilmirsən...
Mənim şkafımda nə var? Yəqin, ağlında bu sual da hərlənir. Nahaq yerə. Mən axmaq adam deyiləm, qorxularımı da o skeletlərlə birgə basdırmışam. Xatırlamıram nə zaman. Belə alınıb. Zamanla...
Zamanla görəcəksən, amma bu heç xoşuna gəlməyəcək. Iddialı görünəcək, qeyri-səmimi təsir bağışlayacaq, qıcıq yaradacaq. Hərçənd, burada elə bir şey yoxdur. Xarakter məsələsidir, vəssalam.
Hamı sirri sevməli deyil ki. Sirrdən zəhləsi gedən adamlar da var. Hə, Qordi düyünü. Mən praktik adamam. Isgəndər kimi. Prinsipə düşməyincə. Xoşbəxtlikdən, bu az-az olur...

Indi 'necəsən' yox, 'xoşbəxtsənmi ?' sualını vermək istərdim. Yox, söhbətə başlamaq üçün yox. Sadəcə, başını tərpədib, yalandan belə olsa, gülümsəməndən ötrü. Bircə bu səhnəni izləməyin marağındayam...

Bu, yaxşı yalandır, əzizim, adamlar, heyif ki, çox zaman ona inanmaq istəmirlər.

'Darıxmışam' yazmaq istərdim. Intəhası, biz nə vaxt görüşdük ki... Amma bu gün də sənə tamaşa elədim...

yəni bu gün də səni görmədim...

1-2 noyabr 2017

четверг, 2 ноября 2017 г.

k. üçün birinci məktub


Bəlkə də, dünyada ən yaxşı bacardığım iş diqqət çəkməkdir. Insan psixologiyasını yaxşı bilirəm (ilk mərhələdə bütün trüklər əla işləyir, üç-dörd ay maraqlı görünmək xoşuma gəlir, sonra bəzəksiz-düzəksiz, yəni olduğum kimi olmaq istəyirəm, bu ayrı, uzun və kədərli mövzudur, növbəti məktublarda istəsən, danışarıq, hərçənd, bu barədə söhbət açmaq istəməzdim), bədii dil mənim üçün plastilin kimidir, onu istədiyim şəklə sala bilirəm, məntiqimə isə müəllimlərim də çox zaman həsəd aparıb və sair və ilaxır. Yəni indi oturub, üç-beş dəqiqəyə sənə məktub yazmağa nə var. Amma istəmirəm. Bilirsən... əslində, niyəsə mənə elə gəlir, bunu səndən yaxşı heç kəs bilmir. Heç kəs bilmir ki, adam həmişə ən yaxşı bacardığı işlərdən yorulur. Niyəsini də bilirsən. Yeni zirvə axtarışı, nə bilim, bacarıqla imkanların uzlaşmaması, rahatlıqla istedadın bir-birini qəbul etməməsi... Bu da uzun söhbətdir.

Ağıllı görünməkdən zəhləm gedir, ağılsız görünmək də istəmirəm. Istəmək. Gözəl feldir (əcaba, son qaydalara görə, bu sözü düzmü yazdım?). Bəzən adam arzulara sarı getmir, bəzən arzunun özü də olmur. Çünki sevinclərin ömrü çox qısadır. Gözləmək daha gözəldir. Mən arzularımdan birdəfəlik qab kimi istifadə eləmək istəmirəm. Ən pisi nədir? Biz azərbaycanlılar birdəfəlik qablardan yararlanandan sonra onları yuyub quruduruq. Guya qənaətkarıq. Bax arzularla da bəzən belə olur. Onların ömrünü zorla uzatmaq istəyirsən. Elə bil xəstəni süni nəfəs aparatına qoşmusan...

Amma bir arzum var. Mənə bir sətir yazarsan. Hə, heç kəsdən istəmədiyim şeydir bu. Yəni adətən məktublarımı cavab almaq üçün yazmıram. Cavablar maraqsızdır. Çünki onları həmişə əzbərdən bilmişəm. Indi bilmirəm. Etiraf edirəm, bilmirəm. Və ona görə də ilk dəfədir, cümlələr arasında keçidlərim uğursuz alınır. Keçidlərdən zəhləm gedir, xüsusən yeraltı keçidlərdən. Xüsusən eskalator yoxdursa... Hə, maşın yolunun düz ortasındayam. Sözlər yolu keçməyimə imkan vermir.

Sənin işıqforunda hansı işıq yanır?


Yazılma tarixi: oktyabr 2017

пятница, 17 февраля 2012 г.

Getsəm...

Nə sevgi, nə əsəb,
nə nifrət, nə qəzəb
qaldı səndən sonra.
yıgdım
ürəyimi yol çantama.
yolum bəlli deyil...
Getsəm,
hara qayıdacaqsan?

четверг, 16 февраля 2012 г.

Boş zalda nağıl














Qaranlıq, boş zalda kresloları sayırdı. Biri ya artıq idi, ya əskik. Hər nəydisə, yerində deyildi...
İşığın üzünə düşməsindən diksindi:

-    Söndür, - dedi.

-    Sənin üzünə baxmaq istəyirəm, gözlərinə. İşıqda...

İstədi soruşsun: “Niyə? Daha nəyi öyrənmək, oxumaq istəyirsən? Nəyinə lazımdır mənim ürəyimi oxumaq?”. Demədi, susdu...

-    ...
-    Nə fikirləşirsən?
-    Heç nə.
-    Nəsə olub?
-    Yoox..
-    Bu gün qəribəsən e nəsə.
-    Həmişə deyirdin də, qəribəyəm, hamıdan fərqlənirəm, qeyri-adiyəm.
-    Yox, nəsə dəyişib səndə.
-    Nə?
-    Bilmirəm.


Deyim ki, kresloları sayıram? İnanmayacaq, elə biləcək, onu ələ salıram. Deyim ki, nəsə yerində deyil, nəsə çatışmır? Niyə? Niyə hər dəfə mən təşəbbüskar olmalıyam?”.

-    Daha məni sevmirsən?
-    ... 
( “Nə axmaq sualdır. Görəsən, bu sualı mən ona versəm,  nə cavab verər?. Bu adam hisrlənməyi də bacarmır”)
-    Başqa...
-    Heç bir başqa səbəb yoxdur.
(“Hə, var. Özü də bir nəfər deyil. Hə, tanıdıqlarından da var aralarında. Istəyirsən adlarını da çəkim? ... İlk gündən belə olmusan sən. Heç vaxt inanmamısan, düzdür?” demək, yox, daha doğrusu, çığırmaq istərdi
-    Dəqiq?
-    Hə, dəqiq.
-    O zaman de ki, heç nə dəyişməyib.
-    Dəyişməyib.
(“Nə olar sən də de ki, ilk tanışlığımızdan bəri sənin ürəyində də heç nə dəyişməyib. Deyə bilərsən? Axı ikimiz də bilirik nə baş verir. Sən sadəcə, narahatsan. Səni unutduğumu düşünürsən və əmin olsan ki, məndə heç nə dəyişməyib...)
-    Sevirsən məni?
-    Çooox...
(“Sabah bu sualı mən vermək istəyəcəyəm. Sabah sənin “vacib işlərin” olacaq. Sabah... Cəhənnəm olsun sabah... ”)
-    Sənin üçün darıxmışdım.
-    İşığı söndür.
-    Niyə?
-    Nağılı qaranlıqda dinləyərlər...

среда, 13 октября 2010 г.

***

Şəkərsiz iç qəhvəni bir qurtumda,
bir dişləmdə ye duzsuz qayğanağı.
Olmur demə.
Olur axı...
Tərgit olmayanlara darıxmağı...

Sonuncu şeir

Məni danışmağa qoyma, ...
sözlər korlamasın heç nəyi.
çıxar taxçadakı mavi köynəyini
və ver geyinim...

Məni üşüməyə qoyma, dostum,
soyuq məhv eləyir hər şeyi.
götür içimdəki istəyi
və qoy sənin olsun...

Məni darıxmağa qoyma, dostum,
getmək lazım olur darıxanda...
anlayırsan da -
özünü aparıb getmək...

Məni inciməyə qoyma, dostum,
incimək öldürür adamı
və hamı nəvaziş istəyir
bundan sonra.

Məni dayanmağa qoyma, dostum,
dayansam, deyəcəm hər şeyi...
və heç nəyin dadı qalmayacaq
bundan sonra, anla...

Məni getməyə qoyma, dostum,
qapınını ağzında vida yerinə
geri qayıtmamı istəmirsənsə -
mənim qalmağımı istə -
səssizcə gedə bilim deyə...

вторник, 22 декабря 2009 г.

Ölümü rəsmiləşdirən adam


2009-cu il dekabrın 17-də Elçin ölümünü rəsmiləşdirdi. Hər şey daha əvvəl başlamışdı. Harada, nə vaxt – indi bunu dəqiq demək çətindir...


Serroz olmasaydı... Hərəmiz bir cür ölürük – bəzilərini içmək, bəzilərini içməmək (istəsə də, bu və ya digər səbəblərdən bunu etməmək) öldürür. Yaxşısı bu olardı ki, belə seçimin qarşısında qalmayasan. Yəni içmək istəyəndə də, imtina edəndə də bu barədə düşünməyəsən. Bu, sənin üçün ağrıya çevrilməyə. Belə daha rahat yaşamaq olardı. Elçin bunu bacarmırdı, “bacarmadı” da deyə bilərik...


Onun taleyi faciəli oldu. Nədə idi faciəsi? Bunu da dəqiq demək çətindir.


O, gerçəklikdən qaçmaq istədiyi üçün daim uydurdu: azadlığını, sevgilərini, qısqanclığını, gücünü, gücsüzlüyünü.


Elçin, elə bizim hər birimiz qədər, azad deyildi. Amma o bunu bizim hamımızdan daha artıq istəyirdi. O, azadlığı qəribə şəkildə, həm də qəribə bir ehtirasla axtarırdı. Özünü inandırırdı ki, maşını işıqfora çırpmaq, içki qədəhini ovcunda çilikləyib damarına basmaq, adi sözün kəsəri olmayanda səkkiz-doqquzmərtəbəli söyüşə (etiraf edək ki, indi yeddimərtəbəli söyüşlə kimisə təəccübləndirmək xeyli çətinləşib) keçmək, bunun da faydası olmayanda yumruğunu işə salmaq, heç bir sənədi qaydasında olmadığı halda bir saatın içində xarici pasport düzəltdirib Avropanın göbəyinə enmək - qaydaları, etiketləri gözləməmək azadlıqdır. O, bircə an olsun, səhv etdiyini, əslində, hamımız qədər insan olduğunu, insan olduğu üçün də heç vaxt azad olmayacağını qəbul etmək istəmirdi. Amma gec-tez bu nəticəyə gəlməli idi. Həqiqət, istəsək də, istəməsək də, bir gün bizi yaxalayır...


O, sevgilərini uydururdu. Fərqli olduğunu hamıdan daha çox özünə göstərməyə ehtiyacı olan bir yeniyetmə həvəsi ilə dəlicəsinə “vurulurdu”. Ona elə gəlirdi ki, çıxıb gedən sevgilinin geri qaytarmaq (ya bu ayrılığı durdurmaq üçün) motosikletlə təyyarəyə “kəllə vurmaq” olar və hətta, bu ən yaxşı variantdır. Öz aləmində bu inam onu tənhalıqdan qoruyurdu. Əslində, bir dəfə gecənin serenadası altında siqareti-siqareti calayanda hər şeyin ömrünün tüstü qədər olduğunu anlamış və bunu vərəqlərə köçürmüşdü. Sonra onu ömrü cəmi bir gün çəkən qəzet səhifəsinə yerləşdirmişdi. Yerləşdirmişdi ki, bu fikirlərdən azad olsun. Niyəsə bizə elə gəlir ki, danışmaqla, yazmaqla içindəkiləri vərəqə atmaq, bununla da o fikirlərdən azad olmaq, hiss və düşüncələrimizin bizi apara biləcəyi təhlükələrdən sığortalanmaq olar...


O fikirləşirdi ki, kompromisə getmək həmişə xəyanətdir. Bir dəfə güzəştə getdiyi üçün özünü bağışlaya bilmirdi. Bəlkə, buna görə yazmağın daşını biryolluq ata bilmir, heç olmasa, qəzetlərin künclərində köhnə imzasını görmək istəyirdi. Amma özü də bilirdi ki, cəsarətli və barışmaz Elçin Səlcuq yoxdur, bir də olmayacaq. Məsələ, onun özündə deyildi. Zaman dəyişmişdi, insanları qəhrəmana çevirə bilən gərginlik yox idi. İndi cəsarət və barışmazlıq qəhrəmanlıq sayılmırdı. O, qəhrəman olmaq istəyirdi və fərqində deyildi ki, çoxdandı ki, yel dəyirmanı ilə vuruşur...


Həyata bağlanmaq üçün uydururdu. Əvvəllər, oğlu hələ körpə olanda o, səmimi qəlbdən inanırdı ki, Səlcuqu tək qoymamaq üçün yaşayır. Unudurdu ki, bir gün bu inamı ilə də vidalaşmalı olacaq. Vidalaşanda... artıq Səlcuq universitet tələbəsi idi...


Elçin nə vaxtsa daha əvvəl ölmüşdü. Deyirdi ki, hamını şoka salacaq roman – özünün taleyini yazıb. Roman – indi mənim çözələmək istəmədiyim (çözələməkdən qorxduğum) xoş, kövrək və kədərli xatirələrlə zəngin idi. Sonuncu səhifədə bircə, bizə anlamsız görünən sapsarı gözləri, bir də qəribə, heç nə ifadə eləməyən təbəssümü qalmışdı... onları da apardı... dekabrın 17-də...