понедельник, 27 июня 2022 г.

Gündüz könlümü alıb, gecəyə satdın məni.

Çiçək olsa, susardım, böcəyə satdın məni.

Çölə-çəmənə satdın, meşəyə satdın məni,

Danaya, itə, qurda, keçiyə satdın məni.

Taxçalar yerə düşdü, axçalar cingildədi.

Otuz üç dəfə dindi dilənçi gülüşləri,

İstəyirsən, ad çəkim, kim necə dingildədi -

Mən yaxşı tanıyıram belənçi gülüşləri.


Göz vurdu bir-birinə toqquşan qədəhlərdə

Hiylələr mən öldüyüm saatda sağlıq dedi.

Damarımı doğrayan ülgüc boyda bu dərdə

Kimsə höcətlik dedi, kimsə uşaqlıq dedi.  


Sən kim inandırdı ki, məndə dəmir buxov var?

Olsa, ayağın altda düşməzdim tifil kimi. 

Heyif, yadımdan çıxıb harda itdi açarlar,

Tapıb qandallayardım könlümü qıfıl kimi.


Nə əllərin çatardı, nə gözlərin görərdi,

Nə qiymətli bir əşya olardım sənə, nə qəm.

Bəlkə də, kimsə gəlib bir gecə götürərdi,

Kimsə pıçıldayardı şeir kimi: "sevirəm"...

Üzünə gülümsəyən bir təbəssümə satdın, 

Çirkinə satdın məni, göyçəyə satdın məni.

Nə fərqi var kim üçün, demirəm niyə satdın,

Qiymətimi de bilim, məni neçəyə satdın...

пятница, 17 июня 2022 г.

 


Kölgən düşsə...

(Pyotr, xoruz banlamazdan əvvəl, üç dəfə...)

 

Daş demişdim mən adını, hər çəkəndə ucaldın,

Bir aç bax gör ürəyimdə nə qəşəng məbəd saldın.

 

Gəl gecənin çarmıxına çəkilirəm, gəl görüm,

Gözlərimi yummamışam, şəklini göstər görüm...

 

Lap istəsən, qəzəbinin dişlərini itilə,

İşıqlansın ömrüm-günüm, yandır, od vur fitilə.

 

Qoyma görsün öldüyümü nə düşmən, nə aşina,

Kölgən düşsə, dirilərəm məzarımın başına.

 

Bilirəm ki, gedəcəksən banlamamış xoruzlar,

Qurban olum, bir az da qal, səhərə bir səhər var...

 

Göy üzünün açarını sənə verdim, al saxla,

Öpmə, indi ki gedirsən, möhkəm-möhkəm qucaqla...

 

 

четверг, 16 июня 2022 г.

Sən nə gözəl məlhəmsən...


Nə payızlar töküldü, nə qədər qışlar dondu,

Hansı yaylar boğmadı məni öz bürküsündə?

Ürəyim yaz yağışı... könlünə necə doldu?

Necə saxladı məni qolların hörgüsündə?

Sən olmayan günlərin cəhənnəmdi bir adı,

Yenə gec sayılmazdı son nəfəsimdə gəlsən...

Ömrüm boyu bilməzdim cənnət varmı, hardadı,

Nə yaxşı ki, gəlmisən, nə yaxşı, göstərmisən.


Gözü qanla örtülür butün damarlarımın,

Nə varsa, səndən bilir, nə yoxsa, səndən görür.

Gülürəm, gülüşümdən boylanır sənin adın,

Ağlayıram, gözümdən nə qədər sən süzülür.


İşığın hardan düşür qaranlıq ömrüm üstə?

Yox, yuxusuz keçmir ki, gecələrim - ağarır,

Sən nə gözəl məlhəmsən, çəkirəm könlüm üstə, 

Min ildi qövr eləyən yaralarım sağalır...


суббота, 3 ноября 2018 г.

Tamaşa




"Yarım dəqiqədən də az vaxtın var". Siqnalı hiss edən kimi irəli atıldım. Düz birinci sıraya. Tərəf müqabilimi tapdım. İşin yarısı görülmüş sayılırdı. Sözlərdən istifadə eləmək olmazdı, həm də vaxt itkisiydi. Düsünməyə belə zaman yox idi. Mənə heç bir mətn verilməmişdi. Hər şey öz ixtiyarıma buraxılmışdı. Sərbəstdim...
Cəsarət üçün az qala birnəfəsə başıma çəkdiyim içkidən, ya həyəcandan səndələyirdim. Qaranlıqdaca yıxılmamaq üçün əlimi qırmızı üzlü oturacağın söykənəcəyinə uzatdım. O, yerindən tərpənmədən başını geri söykədi. Əllərim saçlarına dəydi. Əslində, kifayət idi. Saniyələr uçurdu. Tamaşada mənə ayrılacaq kiçik rolu məharətlə oynamışdım. Yerimə qayıda bilərdim. Bu zaman tərəf-müqabilim jest elədi - başını bir az da geri çəkdi. Saçları ovucumun içərisindəydi. Onları oxşamamaq yaxşı çıxmazdı. Əlbəttə, yarım dəqiqənin kuliminasiya nöqtəsi elə bu məqam idi. Mənim nəzərdə tutmadığım bu məqam. Barmaqlarımı açdım, sonuncu saniyədəcə ovucumu açıb onları yüngülcə sağa-sola apararaq sığalladım.
Vaxt bitdi.
Həyatım boyunca heç bir səhnəni bu dərəcədə fövqəladə oynamamışdım. Hiss olunmadan, yüngülcə hamıya təzim elədim. İçərimdə qəribə bir sevinc vardı. Həm də məyusdum.
Epizodik səhnələrin ən şahanəsini heç kəs görməmişdi...


пятница, 28 сентября 2018 г.

Pozitiv ağrı

Həmişə tamaşaya çıxarılmayan ağrıları sevmişəm, "qışqırmayan"ları, səsi çıxmayanları. Sənin bütün ağrıların susurdu. Yalnız söz örtüyünun altında gizlətdiyin hər şeyi görürdüm, bütün capıq izləri, yanıq yerləri, zədələr, cızıqlar. Çox idi. Lap çox. Bəziləri tanış idi, bəzilərini tanımırdım. Amma hamısı doğma idi, hamısı səndən xəbərsiz nəvaziş istəyirdi, hamısı çağırırdı, bizi gör, bizimlə danış, bizi sev. Ağrıları heç kəs sevmir. Zədəli adamlar uzaqdan maraqlıdırlar. Yaxınlaşanda o zədənin heç vaxt unudulmayan, heç vaxt unudulmayacaq ağrısından sənə də pay düşür, sən də zədələnirsən, yaralanırsan.
("Yara" elə "yar" sözündəndir, "yara"da yar var, yarmaq var. Bunu əslində hamı bilir, amma istəmir, lənət şeytana)ə
Sənin ağrılarını sevirəm. Arada pıçıldaşırıq. Sənin haqqında yalnız xoş sözlər deyirlər. Onlar da səni sevir. Heç fərqində deyilsənmiş. Sevilmək istəyirlər, amma ara-sıra inamsızlıqları baş qaldırır. Özlüklərində düşünürlər ki, ağrı kimin nəyinə lazımdır axı? O, əsərdə maraqlıdır. Uzaqdan. Başqasında. İnandırmağa gücüm çatmır. İnciyirəm, sonra da anlamağa çalışıram. Onları sevmək lazımdı. Həmişə. Onlar bu sevgiyə inanmayanda da...
Sən mənim heç vaxt çığırmayacağım, səssiz-səmirsiz ağrımsan...

среда, 26 сентября 2018 г.

İlişib qaldığım mənzərə


Sənin unutduğun yerdəyəm. Hələ də  qara, azacıq qıvrım, qısa saçlarını geriyə itələyən o dalğın baxışlı qadının maşınının pəncərəsinə baxıram. Az qala and içə bilərəm ki, orada səni görürəm. Üzbəüz oturmusan. Nə edəcəyini, nə deyəcəyini bilmirsən. Mənsə elə hey baxıram, baxıram. Avtomobil adi sürəti ilə gedir və mənim baxışlarım da pəncərəyə yapışmıs kimi sizi izləyir.

Tam mənə görə bir mənzərədir. Kənardan baxmaq. Görmək. Anlamaq. Hiss eləmək. Bundan o tərəfə az maraqlıdır. Əlbəttə, xoşbəxtlik də bundan o tərəfdədir. Bəlkə də, deyil. Yoxlamaq imkanından istifadə eləmək istəmirəm. Niyə? Bu sual məni qorxudur. Çünki bütün mümkün cavablardan başqa sanki mənim bilmədiyim, bilməkdən ehtiyat elədiyim başqa bir həqiqət var. Bu həqiqət mənim içərimdədir. Beynimin ən gizli qatlarından birində. Onu tapa bilsəm, bütün düzən dəyişəcək. Məsələ mənim bu düzənin dəyişməsini istəyib-istəməməyimdə deyil, ondan qorxmağımdadır. Qorxaqlara nifrət edirəm! Qorxularımdan qorxuram. Yaxşı, boynuma alıram, sükanı itirmək istəmirəm. Çünki sonra nəyin baş verəcəyini bilmirəm...

Qoy maşın getsin. Baxışlarımı çəkmək istəmirəm. Dəqiq bilirəm, onun içərisində mənim üçün hava və su kimi lazım olan nəsə var. Olmasa, qalmazdım. Sadəcə, o nəsənin nə olduğunu bilmirəm...
Qadın başını qaldırıb, bircə dəfə üzümə baxsa, başa düşəcək. Amma onun başı bədbəxt taleyi barədə kədərli düşüncələrə qarışıb. Bir az da ağlı... o söz.

Sən özünü itirmisən, hərdən cəsarətini toplayıb sözə başlamaq istəyirsən, arada rabitəsiz cümlələrlə danışırsan da. Qadın tam başa düşmür, sadəcə, mexaniki şəkildə cavab verir, onu danışdıran qürürudur, hər vəchlə vəziyyətinin yaxşı olmadığını gizləmək istəyir.

Sən kədərini və yüngülvari məyusluğunu ozünlə götürub düşəcəksən, o da öz malikanəsinə qayıdacaq. Bax məhz bu aralıqda hansınızın yanında olacağıma qərar verə bilmirəm...

Avtomobili saxlamayın. Yolda qalmaq istəyirəm. Sizinlə...

09.2018
(Konspirativ məqsədlərlə bir detalı dəyişdim, ikisini isə çıxardım orijinaldan)

Xoş gündə yazılan yazı


Ağrı və kədərdən yoğrulduğunu düşündüyümüz ömrümüzün böyük bir qismini əslində hissiz yaşayırıq. Yəni xatırladığımız "ən"lərin içində yalnız sarsıntılar parlaq, rəngli, böyük görünür. Gözə girir deyək. Hə, indi düşünürəm ki, bir az da haqsızlıqdı - elə bil ağrının, qüssənin, kədərin, sarsıntının antonimi yoxdur. Heç bir pozitiv enerji daşıyan söz onlarla rəqabətə girə bilmir, elə  ill cəhddəcə uduzur. Məsələn, mən "faciəvi" sözünün daşıdığı energetikanı heç bir xoşbəxt sözcüklə əvəz edə bilmirəm. Tərəzinin gözləri arasında balans pozulur. Sevinc sanki həmişə və hər yerdə kədərə uduzur.

Stop!.. Birinci etiraz:

Bu mövzuda nə qədər obyektiv ola biləcəyimi düşünürəm və əks arqumentləri sözə köçürə bilmirəm. Uduzan, bəlkə də, sevinc deyil. Elə mənəm.

Stop! İkinci etiraz:
Dərhal başlangıca qayıtmaq istəyirəm. İnsan həyatında barmaqla sayılası günlər olur ki, onlarla bütün ağrıları, kədəri, xroniki yorğunluğu, ümidsizliyi ört-basdır eləmək olur. Ört-basdır çox yumşaq oldu. Məsələn, elə günlər olur ki, deyirsən: bunun üçün hər şeyi yaşamağa dəyərdi - ağrını da, kədəri də, ümidsizliyi də, yorğunluğu da.

16.07.2018